Bakı. Trend:
Azərbaycan uzun illərdir Fransanın məkirli siyasətindən əziyyət
çəkir. Bu gün də Fransa bu məkirli siyasətini davam etdirərək
Ermənistanı silahlandırmaqla regionda gedən sülh prosesinə
təhdidlər yaradır.
Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O bildirib ki, ümumiyyətlə terrora dəstək Fransa siyasətinin
əsas istiqamətlərindən birini təşkil edir.
“Təəssüflər olsun ki, Fransa terrorçuluq siyasətindən əl çəkmək
niyyətində deyil. Biz hər zaman Fransanın Azərbaycana qarşı qərəzli
və riyakar siyasətinin şahidi olmuşuq. İstər 30 illik erməni işğalı
dövründə, istər vətən müharibəsi, istərsə də sonrakı dövrdə Fransa
Azərbaycana qarşı qərəzli siyasət aparıb. 44 günlük Vətən
müharibəsində Azərbaycanın tarixi Zəfərindən sonra Fransanın
ölkəmizə qarşı siyasəti daha da aqressivləşib. Görünür Fransa hələ
də Azərbaycanın qələbəsini həzm edə bilmir və o üzdən Ermənistanı
silahlandırmaqla regionda sabitliyi pozmağa cəhd edir. Lakin
Fransanın bu cəhdləri əbəsdir. Azərbaycan qüdrətli ölkədir və güclü
ordusu var. Azərbaycan hər zaman ölkəmizə qarşı istənilən
təxribatın və təhdidin qarşısını layiqincə almağa hazırdır.
Azərbaycan heç zaman kənar qüvvələrin regionda müdaxilə etməsinə
imkan verməyib və bundan sonra da verməyəcək.
Yaxşı olardı ki, Fransa regionumuzda proseslərə müdaxilə etmək
əvəzinə öz qaranlıq tarixinə diqqət yetirsin, ölkəm daxilində baş
alıb gedən problemlərin, polis zorakılığının, demokratiya və insan
hüquqların pozuntusunun qarşısını alsın. Fransanın tarixdə
törətdiyi terror hadisələri, müstəmləkəçilik siyasəti hər kəsə
yaxşı məlumdur. Afrikada Fransanın törətdiyi terror əməlləri, o
cümlədən Fransanın iradəsinə tabe olmayan siyasətçilərin fikizi
məhv edilməsi Fransa tarixinin qara ləkəsidir”, – deyə deputat
bildirib.
Hərbi ekspert Ramil Şərifov isə bildirib ki, Fransanın
Ermənistanı silahlandırmaq siyasəti sülh prosesinə mane olur.
“Bu hal Ermənistanın sülh sazişi imzalamaq istiqamətində
fəaliyyətinə müsbət təsir edə bilməz. Bu bölgədə vəziyyətin
gərginləşməyinə xidmət edir. Fransanın Ermənistanı öldürücü və
hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə
təchiz etməsi buna əyani sübutdur. Ermənistana əlavə silahlar
vermək rəsmi Paris tərəfindən son dərəcə məsuliyyətsiz bir işdir.
Fransa ermənilərin əli ilə Cənubi Qafqazı yenidən qarışdırmaq
istəyir.
Lakin Ermənistan bilməlidir ki, Fransanın təxribatlarına
getməməlidir. Yoxsa ən sərt şəkildə Azərbaycan Ordusu tərəfindən
cəzalandırılacaq. Bu gün Azərbaycan Ordusunun gücü bütün dünya
ölkələrinə məlumdur. Bu gün qalib Azərbaycan diktə edən tərəfdir.
Azərbaycanın sülh təklifi Ermənistan üçün son şansdır”, – deyə o
qeyd edib.





























