Bakı. Trend:
Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar
yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə
yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə
üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi
qaydası və məbləği təsdiqlənəcək.
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Gömrük
orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi
barədə” qanunun tətbiqi haqqında fərmanında bildirilib.
Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində gömrük
orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış
yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan
gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə
mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi qaydasını və
məbləğini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat verməlidir.





























