
Zəngilan. Trend:
Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına –
COP29-a hazırlıq məqsədilə iyunun 19-da Bakıda işə başlayan
“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda
Yüksək Səviyyəli 29-cu Toplantı bu gün başa çatıb.
Trend xəbər verir ki, toplantının sonuncu günündə Zəngilanda iki
panel iclası təşkil olunub.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail
Serageldinin moderatorluğu ilə keçirilən “Azərbaycanın öz
təcrübəsindən dərslər” mövzusuna həsr olunan birinci panel
iclasında çıxış edən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki,
toplantının əvvəlki sessiyaları zamanı iqlim dəyişikliyinin
müxtəlif aspektləri və davamlı gələcək üçün bu qlobal problemin
həlli yolları ilə bağlı geniş müzakirələr aparılıb. “Bu qlobal
problemin həllində Azərbaycanın təcrübəsinə nəzər salaraq, bu gün
Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı inkişafı istiqamətində davam
edən səyləri müzakirə etmək üçün toplaşdığımız tarixi bir məqamdır.
Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə və BMT-nin Dayanıqlı
İnkişaf Məqsədlərinə doğru irəliləməsindəki nailiyyətlərini də
vurğulamaq vacibdir”, – deyən xüsusi nümayəndə əlavə edib ki, bu
gün biz sürətli dəyişikliklər dövründə yaşayırıq. Bütün dünyada
texnologiyanın inkişafı həyat standartlarını yaxşılaşdırsa da,
bəşəriyyət iqlim dəyişikliyi, sosial bərabərsizlik, ekoloji
ədalətsizlik və başqaları kimi ciddi qlobal problemlərlə üzləşir.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu çağırışların
həllinə və davamlı inkişafa yönəlmiş təşəbbüslərin həyata
keçirilməsinə sadiq qalır. Ərazilərimizin işğaldan azad
edilməsindən sonra Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsinə
yönəlmiş 2030-cu ilə qədər Sosial-İqtisadi İnkişafın Milli
Prioritetləri və “Böyük Qayıdış Dövlət Proqramı” da daxil olmaqla
hərtərəfli strategiyalar müəyyən edib. Bu gün Şərqi Zəngəzur və
Qarabağda davamlı tikinti təşəbbüsləri var, layihələr bu regionun
müxtəlif ərazilərinə yayılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət
şöbəsinin müdiri Faiq Mütəllimov diqqətə çatdırıb ki, innovativ
resursların idarə edilməsi dayanıqlı yaşıl iqtisadiyyata keçidimiz
üçün təməl yaradıb. Azərbaycan iqlim dəyişikliklərinə xüsusi
həssaslıqla yanaşır. “Su ehtiyatlarının azalması aqrar sektorun
zəifliyini göstərir. Biz istixana qazı emissiyalarını azaltmağı
hədəfləyirik”, – deyə o əlavə edib.
Maltanın sabiq Baş naziri Cozef Muskat çıxışında söyləyib ki,
regionda tamamilə böyüməyə can atan, transformasiya edən
iqtisadiyyat daha çox bərpaolunan mənbələrə əsaslanır. Biz
bərpaolunan enerji mənbələrindən əldə edilən enerjini ixrac etməyə
başlayırıq. İnanıram ki, bu gün burada eşitdiyimiz fikirlərin
hamısı Azərbaycan tərəfindən uğurla həyata keçəcək.
O bildirib ki, bu gün burada müzakirə edilən məsələlər həqiqətən
də iqlim dəyişikliyi ilə mübarizədə müsbət təsirini göstərəcək.
Sadəcə olaraq, biz lazımi dəyişikliklərə keçərkən dünya miqyasında
ən həssas təbəqələrin də nəzərə alınacağından əmin olmalıyıq.
X X X
Sonra “Siyasət: Lobbiçilər, Gənclər, qadın qrupları, fəallar və
ictimaiyyətin iştirakı” mövzusunda panel iclas təşkil olunub.
Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziyanın
moderatorluğu ilə keçirilən paneldə çıxış edən COP29-un gənclər
iqlim çempionu Leyla Həsənova deyib: “Mən iqlim dəyişikliyi ilə
mübarizədə yeni təməlimizin nə olduğunu düşünürdüm və başa düşdüm
ki, o, əslində gənclər və uşaqlar da daxil olmaqla, hər masanı, hər
səviyyəni əhatə edir. Bu, yeni normadır. İqlim dəyişikliyinin
nəticələrinin ağır yükünü ən uzun müddət daşıyacaq olanlar
gənclərdir. Bu gün atdığımız addımlar və verdiyimiz qərarlar
uşaqlara, gənclərə və gələcək nəsillərə birbaşa təsir edəcək”.
Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı həllər
hazırlayarkən gənclərin nəzərə alınması zəruridir.
“Bizim nəsil müdafiə etdiyi siyasətlərin həm iddialı, həm də
yerli reallıqlara əsaslanmasını təmin etməlidir. Gənclərin qlobal
iqlim gündəliyinin formalaşmasında və yerlərdə fəaliyyətin səfərbər
edilməsində praktiki iştirakı əvəzsizdir. Gənclərin iqlimə
uyğunlaşma prosesində iştirakı təkcə faydalı deyil, həm də
vacibdir”, – deyə L. Həsənova vurğulayıb.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin və COP29 Təşkilat
Komitəsinin üzvü Pərvanə Vəliyeva müxtəlif qrupların əsas
mesajlarını çatdırmaq üçün vətəndaş cəmiyyəti ilə COP29 sədrliyi
arasında körpü rolunu oynadıqlarını deyib. O, COP29 vasitəsilə
inkişafa və irəliləyişə nail ola biləcəklərinə inandığını qeyd
edib.
“Azərbaycanda çaylarda və Xəzər dənizində su ehtiyatlarının
azalması, ətraf mühitlə bağlı problemlər kimi ciddi iqlim
dəyişiklikləri yaşanır. Bu məsələlərin həllində ictimai
monitorinqin keçirilməsi məqsədəuyğun ola bilər. Təşkilatımız
Cənubi Qafqaz regionunda Qafqaz dağlarına zərər vuran proseslərin
qarşısının alınması üçün təbliğat işlərinə diqqətə göstərir. İçməli
suyun, təmiz havanın qorunması hamının qoşulmalı olduğu vacib
məsələlərdən biridir”,- deyə P. Vəliyeva vurğulayıb.
Digər çıxış edənlər – Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
ictimaiyyətlə əlaqələr üzrə meneceri Mehri Hüseynli, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin böyük britaniyalı gənc lideri Manas Çavla,
polşalı Klau Chmielowska və hindistanlı Noel Jackson gənclərin,
qadınların və ictimai fəalların iqlim dəyişikliyinin təsirlərinin
azalmasındakı fəaliyyətlərindən danışıblar. Onlar həmin qrupların
maarifləndirmə və siyasət dəyişikliklərinə təkan vermək üçün
yorulmadan çalışdıqlarını vurğulayıb, iqlim fəaliyyətində yerli
bilik və liderliyin mühüm rolunun nümayişinin vacibliyini diqqətə
çatdırıblar.
Yüksək Səviyyəli 29-cu Toplantı mövzu ətrafında müzakirələrlə
yekunlaşıb.
xxx
12:00
“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda
Yüksək Səviyyəli 29-cu Toplantı işini Zəngilan rayonunda panel
iclaslarla davam etdirir.
Trend xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil
olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev açılış
nitqi ilə çıxış edib. Bugünkü panel iclası “Azərbaycanın öz
təcrübəsindən dərslər” mövzusuna həsr olunub.
Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları
üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda “COP29-a aparan
yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksək
səviyyəli görüşdə çıxışı zamanı deyib ki, Azərbaycan hökuməti
Qarabağ regionunu dinamik inkişaf edən “təmiz enerji” mərkəzinə
çevirmək niyyətindədir.
“Cəbrayıl, Qubadlı və Zəngilanda zəngin günəş enerjisi
resurslarından istifadə edərək, biz yaşayış binalarına və küçə
infrastruktur sistemlərinə günəş panellərini inteqrasiya edirik.
Bundan əlavə, elektrikli nəqliyyat vasitələri üçün günəş enerjisi
doldurma stansiyaları, “ağıllı parkinq” və digər ekoloji cəhətdən
təmiz həllər kimi təşəbbüslər davamlı təcrübələrin həyata
keçirilməsinə sadiqliyimizi vurğulayır”, – o bildirib.
Hacıyev xatırladıb ki, Cəbrayılda Böyük Britaniyanın BP şirkəti
240 MVt gücündə günəş elektrik stansiyası tikmək niyyətindədir,
“Nobel Energy” şirkəti isə 100 MVt gücündə günəş panelləri
istehsalı zavodunun tikintisinə sərmayə qoymaq niyyətindədir: “Bu
təşəbbüslər Qarabağ regionunun dinamik inkişaf edən “təmiz enerji”
mərkəzinə çevrilməsinə yönəlmiş milli strategiyaya üzvi şəkildə
uyğun gəlir. Bundan başqa, bütün Şərqi Zəngəzur və Qarabağ
ərazisində iri tikinti layihələrinin icrası müasir şəhərsalma
tendensiyaları ilə davam etdirilir. Tikinti davamlılıq, inklüzivlik
və təhlükəsizliyin prioritet olduğu müasir şəhərsalma
tendensiyaları nəzərə alınmaqla aparılır. Buna nümunaə olaraq
Zəngilan rayonunun “ağıllı kənd”i. Bu kənd dayanıqlı inkişaf
məqsədləri nəzərə alınmaqla salınıb. Bu gün Ağalıda 171 ailə
yaşayır, sakinlərin ümumi sayı 870 nəfərə çatır”.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə tikinti
işlərində istilik izolyasiya materiallarından geniş istifadə
olunub.
Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji
siyasət şöbəsinin müdiri Faiq Mütəllimov Zəngilanda keçirilən
“COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu
yüksək səviyyəli görüşdə çıxışı zamanı əlavə edib ki, Azərbaycan
ağacların əkilməsi və ölkənin yaşıllaşdırılması istiqamətində
genişmiqyaslı təşəbbüslər irəli sürüb.
Onun sözlərinə görə, Azərbaycan 270 min hektar meşə sahəsini
bərpa etməyi öhdəsinə götürüb.
“2023-cü ildə 4 milyona yaxın ting əkmişik, 2024-cü ildə isə bu
rəqəmi daha 5 milyona çatdırmağı planlaşdırırıq”.
O qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu
ilin noyabrında Bakıda keçirilməsi hökumətin ətraf mühitə diqqətlə
bağlı öhdəliyini vurğulayır: “Azərbaycan üçün COP29-a ev sahibliyi
etmək böyük şərəfdir. Tədbir dünya liderlərinə bir araya gəlmək,
fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizədə
əməkdaşlığı gücləndirmək imkanı verəcək. Bu tədbirin Bakıda
keçirilməsi həm də Azərbaycanın ətraf mühitə hörmətlə bağlı
öhdəliklərini vurğulayır”.
Bundan başqa, “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək”
mövzusunda toplantının iştirakçıları Zəngilan məscidini ziyarət
ediblər.
Qeyd edək ki, bu Yüksək Səviyyəli Görüşün əsas məqsədi Bakıda
COP29-un uğurunu təmin etmək üçün bütün aidiyyəti tərəflərin birgə
fəaliyyətini təmin etməkdir. Bakıda keçiriləcək COP29-a hazırlıq
onun iqlim fəaliyyətində mövcud qlobal çağırışlara və imkanlara
cavab verməsini təmin etmək üçün çoxşaxəli yanaşmanı əhatə
edir.
Xatırladaq ki, toplantının ilk iki günü Bakıda (19-20 iyun)
keçirilib.





























