Bakı. Trend:
“Şamaxı”nın qapıçısı Kamal Bayramovun İdman.biz-ə
müsahibəsi
– Yeni mövsümdə sizi “Şamaxı” da görəcəyik. Bu keçiddə
Ayxan Abbasovun rolu nə qədərdir?
– “Şamaxı” mənim üçün yad klub deyil. Qərarda əlbəttə ki, Ayxan
Abbasov amili önəmlidir.
– Tovuzlu olduğunuzu nəzərə alsaq, çox güman, sizin üçün
bu qərarı vermək asan olmayıb.
– Tovuz mənim üçün doğma diyardır. Bu futboldur və bu idman
növünün öz qaydaları var. Mən Tovuza Ayxan Abbasovla yola çıxmışdım
və onunla da ayrıldım. Futbolda və həyatda önəmli məqamlar var. Bu
gün mən Ayxanı yarı yolda qoysaydım, sabah Tovuzumu da yarı yolda
qoyardım. Futbolumuzda iş və pul üçün dostlarını yarı yolda qoyan
çox insan var.
– Məlum video və açıqlamalardan sonra sizi qınayıb
emosionallıqda ittiham etdilər. Həmin açıqlamalara görə
peşmansınızmı?
– Xeyr, peşman deyiləm. Reallıqla yaşayan adamam. Məni qınayan
da, başa düşən də sağ olsun. Doğruları demişəm və hər kəs öz qabına
düşəni yedi.
– Oğlunuz da futbolla məşğuldur…
– Oğlum haqqında çox danışmaq istəmirəm. Onsuz da son zamanlar
çox danışılır. Futbol öz seçimidir. Beş yaşından bu sahədədir və
peşəkar böyüməsi üçün biz də öz valideyn borcumuzu yerinə
yetiririk.
– İstirahətiniz necə keçir?
– Ailəmlə birlikdə doğma kəndimizdəyik. Bura mənim üçün dünyada
ən gözəl və dəyərli yerdir. Gündəlik övladlarımla balıq tuturuq,
çayda çimirik və futbol oynayırıq. İl boyu ailəmlə bu cür vaxt
keçirməyin xəyallarını qurduğum üçün hazırda bu imkandan maksimum
istifadə etməyə çalışıram.
– İllər öncə demişdiniz ki, ona kimi zədələnməsəm,
karyeramı 40 yaşda bitirəcəm. Artıq 40-ın astanasındasınız.
Fikirinizi dəyişməmisiniz ki?
– Allah zədədən qorusun. Çempionatı izləyirsiniz. Nə qədər ki,
gücüm var, davam edəcəm. Hazırda 38 yaşım var, 40 olmayıb. Allah
nəsib etsə, görəcəyik.





























