
Bakı. Trend:
İşğal dövründə Ermənistan tərəfindən Azərbaycan torpaqlarında
basdırılmış minalar mülki şəxslərin və hərbi qulluqçuların həyatına
təhlükə yaratmaqda və son qoymaqda davam edir.
Trend xəbər verir ki, bu barədə Ombudsman Səbinə Əliyeva
bildirib.
“Son iki gündə işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində
baş vermiş partlayışlar nəticəsində Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyinin əməkdaşı vəfat edib, bir neçə mülki şəxs
müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minalar və
partlamamış hərbi sursatlar bölgədə bərpa və yenidənqurma işlərinin
icra edilməsinə, keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz
yurdlarına qayıdışına və bu torpaqlarda yaşayışına, eləcə də
ekoloji problemlər və onların yaratdığı fəsadlarla mübarizə
dövründə sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına
ciddi maneə törədir.
Ermənistan tərəfindən otuz ilə yaxın işğal dövründə basdırılmış
minaların dəqiq xəritələrinin təqdim olunmaması isə onların
beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və
prinsiplərinə hörmətsizliyini hələ də açıq şəkildə nümayiş
etdirməkdədir.
Beynəlxalq təşkilatlar Ermənistanın mina terroruna biganə
qalmamalı, törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq
pozuntularına, o cümlədən uşaq hüquqlarının kobud şəkildə
pozulmasına sərt reaksiya verməli, dəqiq mina xəritələrinin
Azərbaycana təqdim edilməsi istiqamətində bu ölkəyə ciddi təsirlər
göstərməlidir”, – deyə o qeyd edib.





























