Bakı. Trend:
Uşaq bağçasında baş vermiş külli miqdarda mənimsəmə faktı ilə
bağlı cinayət işi başlanıb.
Trend xəbər verir ki, bu barədə Şəki Rayon Prokurorluğunun
məlumatında deyilir.
Bildirilib ki, Şəki şəhər 16 saylı uşaq bağçasında yol verilən
qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında
rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı həmin uşaq bağçasının direktoru tərəfindən
2019-2023-cü illər ərzində öz qulluq mövqeyindən istifadə edilməklə
ona etibar edilmiş 105 min manat məbləğində pul vəsaitinin müxtəlif
yollarla mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin
179.3.2 (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi
başlanaraq istintaq aparılır.





























