Bakı. Trend:
Kiberdələduzlar tərəfindən “Lalafo.az” və “Tap.az”
platformalarının istifadəçilərinə qarşı dələduzluq halları davam
edir.
Trend Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata
istinadən xəbər verir ki, qeyd olunan platformalarda elan
yerləşdirən vətəndaşlara müxtəlif nömrələrdən mesajlar göndərilərək
məhsulu almaq istəyi bildirilir.
Lakin məhsulun ödənişinin əldə olunması üçün vətəndaşa saxta
“Azərpoçt” keçidi təqdim olunur. Qeyd olunan keçiddə vətəndaşın
bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün xüsusi
bölmələr yaradılıb.
“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad
etməməyi, naməlum mənbələrdən göndərilən mesajların tərkibindəki
keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını
tanımadıqları şəxslərə ötürməməyi tövsiyə edir”, – deyə qurumun
məlumatında bildirilib.





























