
Bakı. Trend:
Regionlarda güclü küləyin elektrik enerjisi təsərrüfatına
vurduğu ziyan “Azərişıq” tərəfindən aradan qaldırılır.
Trend xəbər verir ki, sel suları, yağış və güclü küləklə
müşahidə edilən hava şəraiti Daşkəsən, Gədəbəy, Ağstafa, Şəmkir,
Gəncə və Tovuzda bir neçə ağacın aşaraq elektrik xətlərini sıradan
çıxarmasına səbəb olub.
Hadisə nəticəsində rayonların əksər hissəsində elektrik
enerjisinin verilişi dayanıb. Kəndlər işıqsız qalıb. “Azərişıq”
ASC-nin əməkdaşları təbiət hadisəsinin yaratdığı fəsadların aradan
qaldırılması üçün iyunun 20-si günün ikinci yarısından başlayaraq
gücləndirilmiş iş rejimində çalışıblar.
Qurumdan bildirilir ki, sözügedən rayonlarda elektrik
enerjisinin verilişinin qısa zamanda bərpa edilməsi istiqamətində
zəruri tədbirlər görülüb.
Hazırda baş vermiş qəzaların 90%-dən yuxarı hissəsinin aradan
qaldırıldığı, qarşıdakı saatlarda isə ölkə üzrə elektrik enerjisi
verilişinin tam bərpa ediləcəyi qeyd edilir.





























