Bakı. Trend:
Azərbaycanda fəaliyyət göstərən bir qrup kino istehsalçısı və
kino sahəsində çalışan sənət adamları peşə fəaliyyətlərini icra
etmələrinə ciddi maneələr yaradıldığına dair bəyanatla çıxış
ediblər.
Trend xəbər verir ki, Mədəniyyət Nazirliyi məsələyə münasibət
bildirib.
Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 6 iyul tarixli 165 nömrəli qərarı ilə təsdiq edilmiş
“Filmlərin yayımı və nümayişi Qaydaları”nın tələblərinə əsasən
Azərbaycan Respublikasının ərazisində yayımına və kütləvi
nümayişinə icazə verilən bütün filmlər Mədəniyyət Nazirliyində
qeydə alınır və filmlərin dövlət reyestrinə daxil edilir və onlara
həmin qaydaların əlavəsinə uyğun vahid formalı yayım vəsiqəsi
verilir.
Vurğulanır ki, sözügedən qaydalarda qeyd olunan meyarlara uyğun
filmlərin seçilməsi, reyestrə daxil edilməsi və onlara yayım
vəsiqəsinin verilməsi üçün ekspert mövqeyinə zərurət olduğundan
nazirlik yanında kinorejissor, sosioloq, psixoloq, jurnalist,
dramaturq və müvafiq sahə üzrə təcrübəyə malik olan bir sıra digər
mütəxəssislərdən ibarət tərkibdə Ekspert Şurası yaradılıb.
“Şura filmlərin qanunvericilikdə müəyyən edilmiş meyarlara
uyğunluq baxımından qiymətləndirilməsinə dair peşəkar rəy verir və
həmin rəy əsasında müvafiq filmin reestrə daxil edilməsi və ona
yayım vəsiqəsinin verilməsinə dair Nazirlik tərəfindən qərar qəbul
edilib.
Bir daha diqqətinizə çatdırmaq istəyirik ki, burada hər hansı
senzuranın tətbiqindən söhbət gedə bilməz”, – nazirliyin
açıqlamasında deyilir.





























