Advertisement

Moldova prezidenti Aİ-yə üzvlüklə bağlı fərman imzalayıb

Bakı. Trend:

Moldova Prezidenti Mayya Sandu ölkəsinin Avropa İttifaqına
üzvlüyü ilə bağlı danışıqlara başlanması haqqında fərman
imzalayıb.

Trend xəbər verir ki, Mayya Sandu bu barədə özünün sosial media
hesabında yazıb.

Moldova Baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Kristina
Gerasimova danışıqların əsas məsul şəxsi təyin edilib.

Euractiv portalının məlumatına görə, Hollandiya parlamenti
Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı
danışıqların başlanmasını rəsmən dəstəkləyib və bununla da prosesdə
ən son maneə aradan qalxıb.

Hər hansı bir ölkənin Avropa İttifaqına namizəd statusu alması
və ya bu istiqamətdə danışıqların başlanması onun ittifaqa qəbul
edilməsi anlamına gəlmir və müvafiq proseslər Brüsselin üzərinə heç
bir öhdəlik qoymur.

Xatırladaq ki, 1999-cu ildə namizəd statusu alan Türkiyənin
üzvlük barədə danışıqları 2005-ci ildən davam edir. Şimali
Makedoniya 2005-ci ildən, Monteneqro 2010-cu ildən, Serbiya isə
2012-ci ildən Aİ üzvlüyünə namizəddir. 2013-cü ildə Avropa
İttifaqına qəbul edilən sonuncu ölkə olan Xorvatiya üçün bu proses
on il çəkib.