
Bakı. Trend:
Ermənistanı tam və total şəkildə dəstəklədiyini bəyan edən
Fransa prezidenti Emmanuel Makron erməniləri idarə etmək üçün yeni
yollara əl atır.
Parisin Cənubi Qafqazda yürütdüyü və bundan sonra da daha aktiv
şəkildə reallaşdırmağa çalışdığtı siyasət dünyanın digər
bölgələrindəki strategiyasından qətiyyən fərqlənmir.
Fransa isteblişmenti Ermənistanı özünün yeni kvazimüstəmləkəsi
hesab edərək ermənilər vasitəsilə Cənubi Qafqazdakı proseslərə
təsir etməyə çalışır.
Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatları, onun
rəsmi Bakı ilə danışıqlar prosesində mövqelərinin radikallaşması və
erməniləri sürətlə silahlandıran Fransanın hakimiyyət dairələrinə
inanması ermənilər üçün çox ciddi problemlər yaradacaq.
E.Makronun hamiliyinə şübhə etməyən, Ermənistanın yeni
havadarının və strateji müttəfiqinin Fransa olduğuna əminliyini
nümayiş etdirən Nikol Paşinyan hazırda faktiki olaraq Parisin
Cənubi Qafqazdakı marionetinə çevrilib.
Paşinyan hələ də dərk edə bilmir ki, o, Fransanı hakimiyyət
dairələri üçün sadəcə, vasitədir: istifadəsi lüzumsuz sayılanda,
bir kənara atılacaq və fransızların indiyədək əsrlər boyu müxtəlif
ölkələrdə tətbiq etdikləri taktikanın növbəti qurbanı olacaq.
Emmanuel Makronun üçün Paşinyan yox, Ermənistan maraqlı və
önəmli olduğundan o, İrəvanda alınan təlimatları tam, bütünlüklə,
sorğu-sualsız yerinə yetirəcək fiqurun baş nazir postunad olmasında
maraqlıdır.
Bu səbəbdən də bəzən “müstəqil”lik fikrinə düşən N.Paşinyanı
Parisin idarəetmə çərçivəsindən çıxmasına imkan verməmək üçün
E.Makronun göstərişi ilə ona qarşı “kökə və qamçı” siyasəti tətbiq
edilir.
“Kökə” qismində Ermənistana siyasi, geosiyasi, maliyyə, hərbi və
s. yardımlarla dəstək formalaşdırılırsa, “qamçı” isə Ermənistan
daxilindəki radikal müxalifətçilər, daşnaklar, revanşistlər və
kilsənin gizli şəkildə dəstəklənməsi, həmçinin Ermənistan xaricində
Paşinyanın özünə təhdid hesab etdiyi şəxslər və təşkilatlar
vasitəsilə İrəvana təzyiqlərdir.
Bəhs olunan taktikaya dəlalət edən yeni məkan hazırda Bakıda
istintaq təcridxanasında olan erməni milyarder və “siyasətçi” Ruben
Vardanyanla bağlıdır.
Fransanın xüsusi xidmət strukturları Nikol Paşinyanın
komandasına “qayət məxfi kəşfiyyat məlumatları” veriblər. Həmin
“məlumat”lara görə, erməni kilsəsi, sabiq prezidentlər Robert
Köçəryan və Serj Sarqsyanın başçılıq etdikləri “qarabağlılar
klanı”, ABŞ-Rusiya-Fransa triosundakı erməni icmasının nüfuzlu
diaspor təşkilatları və Ermənistanda kənardan idarə olunan
müxalifət qruplaşmalarının koalisiyasının əsas maliyyə
mənbələrindən biri də Ruben Vardanyanmış. Paşinyana Parisdən
ötürülən məlumatlarda vurğulanır ki, erməni kilsəsinin Tavuş
yeparxiyasının arxiyepiskopu Baqratın, yəni Vazgen Qalstyanın
“lider” olduğu etiraz aksiyalarına Vardanyanın adamları maliyyə
dəstəyi göstərməklə yanaşı, keşiş Baqratın aksiyalarının idarə
olunmasında və koordinasiyasında da aktiv iştirak edirlər.
“Məlumat” paradoks təsiri bağışlayır: Bakıda istintaq
təcridxanasında olan “Rubik” Vardanyanın Ermənistandakı etiraz
aksiyalarını necə koordinasiya etməsi çox ciddi suallar
doğurur.
Fransanın xüsusi xidmət orqanlarının Vardanyanla bağlı iddiaları
bəsit qərar və ya sadə gediş deyil. Emmanuel Makron indi Nikol
Paşinyanı “Rusiyadan idarə olunan və bir sıra mənbələrdən
maliyyələşən” aksiyaların sonucunun onun devrilərək hakimiyyətdən
kənarlaşdırıla biləcəyi ssenarisi ilə qorxutmaq niyyətindədir.
Hadisələrin belə inkişaf məcrasından təlaşa düşən N.Paşinyan –
Parisdəki isteblişmentin fikrincə – qorxmalı, dəstək və dayaq
qismində ancaq Fransanı görməli, “etiraz aksiyalarının maksimal
radikallaşması” ssenarisindən qorunmaq üçün Sena çayının
sahillərindən alınan bütün təlimatlara sözsüz, tam əməl
etməlidir.
O cümlədən Rusiya ilə əlaqələri minimuma endirməli, Qərbə meylli
siyasəti aktivləşdirməli, Fransanı “yegganə hami və havadar”
qismində qəbul etməlidir.
Emmanuel Makronun məqsədi aydındır: Ermənistandakı mövcud
hakimiyyəti tam nəzarət altına alandan sonra o, baş verənləri
xarici siyasətdə yeni qələbə və “Rusiyanın Cənubi Qafqazdan
sıxışdırılıb çıxarılmasında çox önəmli addım” kimi təqdim edəcək,
seçicilərinə və xüsusilə də Fransadakı erməni icmasına
“Ermənistanla bağlı ciddi irəliləyişlər”dən bəhs etdirəcək.
Fransada keçiriləcək parlament seçkiləri ərəfəsində E.Makronun
liderlik etdiyi partiyanın reytinqinin çox aşağı olmasını və
sağçı-millətçi Mari Le Penin partiyasının çox ciddi üstünlüklə
populyarlıq əldə etməsini nəzərə alsaq, Parisin İrəvanla bağlı
yürütdüyü siyasət sadəcə, Ermənistanın Fransanın daxili siyasətinə
qurban verilməsidir.
Nikol Paşinyan Parisdən ötürülmüş məlumatları ciddi qəbul edib.
Onun göstərişi ilə hazırda Ermənistanın təhlükəsizlik qurumları
R.Vardanyanla sıx əlaqələri olmuq siyasətçiləri, sabiq məmurları və
ictimai xadimləri, xüsusilə də hazırda Vardanyanın Ermənistanda və
xaricdəki strukturları və fondları ilə əməkdaşlıq edən
qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətini araşdırmağa
başlayıblar.
Əlahiddə diqqət qarabağlı ermənilərin sabiq separatçı rejiminin
mənsublarına yönəldilib.
Göründüyü kimi, Emmanuel Makronla Nikol Paşinyanın münasibətləri
artıq tam tragikomediya həddinə çatıb və bu, Fransa-Ermənistan
əlaqələrini səciyyələndirən önəmli məqamdır.
Ruben Vardanyana gəldikdə, 2022-ci ilin sentyabrında Rusiya
vətəndaşlığından imtina edən, 1 milyard dollarlıq sərvət sahibi
olan bu şəxs Xankəndindəki sabiq separatçı rejimin rəhbəri olmaq
istəyirdi. O, Azərbaycanı sürəkli olaraq terror aktları,
diversiyalarla, yeni hərbi əməliyyatlarla təhdid edirdi.
Xatırladaq ki, Ruben Vardanyan Moskva Dövlət Universitetinin
Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb və 1990-cı illərdə
öz iş fəaliyyətinə başlayıb. O, “Troika Dialog” adlı investisiya
bankının qurucusu və rəhbəri kimi tanınır. 2012-ci ildə, “Troika
Dialog” “Sberbank” tərəfindən satın alındı.
2019-cu ildə, “Troika Laundromat” adlandırılan böyük miqyaslı
maliyyə fırıldaqçılığı qalmaqalı ortaya çıxdı. Fırıldaqlar və
çirkli pulların yuyulması R.Vardanyanın rəhbərlik etdiyi “Troika
Dialog” bankı vasitəsilə həyata keçirildi. Bank vasitəsilə
milyardlarla dollar qeyri-qanuni yollarla Avropaya və digər
regionlara köçürülüb. Bu pul yuma əməliyyatları zamanı müxtəlif
şirkətlər və şəxslər vasitəsilə kompleks maliyyə sxemləri
qurulub.
“Troika Laundromat” vasitəsilə ümumilikdə 4,6 milyard dollar
yuyulub. Pul yuma əməliyyatlarında 75-dən çox offşor şirkət iştirak
edib.Əsasən Avropa ölkələrinə pul köçürmələri həyata keçirilib.
Vardanyanın digər qanunsuz əməli isə vergidən yayınma ilə bağlıdır.
O, müxtəlif şirkətlər vasitəsilə gəlirlərini gizlədərək, dövlətə
ödəməli olduğu vergiləri azaldıb. Bu əməliyyatlar da əsasən offşor
hesablar və gizli maliyyə əməliyyatları vasitəsilə həyata
keçirilib.
Vergidən yayınma əməliyyatlarında əsasən Bermud və Britaniya
Vircin adalarında yerləşən offşor hesablar istifadə olunub.
Vardanyan, müxtəlif vasitəçilər və şirkətlər vasitəsilə gəlirlərini
gizlədərək, vergidən yayınma əməliyyatlarını həyata keçirib.
Vardanyanın maliyyə fırıldaqları və qanunsuz əməlləri ilə bağlı
müxtəlif hüquqi təqiblər həyata keçirilsə də, onun yüksək nüfuzlu
hamilərinin “yardım”ları ilə bu işlərin bir çoxu hələ də məhkəmə
mərhələsində qalıb və tam həllini tapmayıb.
ABŞ Maliyyə Nazirliyi R.Vardanyanın maliyyə əməliyyatlarını
araşdırmaq üçün xüsusi komissiya yaradıb. Avropa İttifaqı da onun
maliyyə əməliyyatlarını təqib etmək üçün müxtəlif tədbirlər həyata
keçirir.
Ruben Vardanyanın maliyyə fırıldaqlarının bir hissəsi onun gizli
əmlak sərvətinə bağlıdır. Onun adı altında qeydiyyatdan keçməyən,
lakin faktiki olaraq idarə etdiyi çoxlu sayda daşınmaz əmlak var.
Bu əmlaklar, müxtəlif vasitəçilər və fiktiv şirkətlər vasitəsilə
əldə edilib və gizlədilib.
Vardanyanın adının çıxmadığı, lakin faktiki olaraq ona məxsus
olduğu iddia edilən əmlaklar arasında Londonda, Parisdə və
Nyu-Yorkda yerləşən lüks mənzillər və villalar var.
Bu əmlaklar, əsasən Karib dənizi ölkələrində və Avropanın
müxtəlif yerlərində qeydiyyatdan keçmiş fiktiv şirkətlər vasitəsilə
idarə olunur.
R.Vardanyanın xarici bank hesabları vasitəsilə həyata keçirdiyi
maliyyə əməliyyatları da onun maliyyə fırıldaqlarının bir
hissəsidir. Bu hesablarda böyük məbləğlərdə pul saxlanılır və
müxtəlif ölkələrə pul köçürmələri həyata keçirilir.
Onun İsveçrə banklarında çox sayda gizli hesabları olduğu məlum
olub. Bu hesablar vasitəsilə böyük məbləğlərdə pul saxlanılır və
idarə olunur.
Karib dənizi ölkələrində və digər offşor zonalarda yerləşən
banklarda da Vardanyanın hesabları mövcuddur. Bu hesablar
vasitəsilə pul yuma əməliyyatları həyata keçirilir.
Ruben Vardanyanın sosial və “xeyriyyəçilik” fəaliyyəti də onun
maliyyə fırıldaqlarını gizlətmək və nüfuzunu qorumaq üçün istifadə
etdiyi vasitələrdən biridir. O, müxtəlif xeyriyyə fondu və
layihələrə böyük məbləğlərdə pul yatıraraq, öz imicini müsbət
istiqamətdə formalaşdırmağa çalışıb.
R.Vardanyanın yaxın iş ortaqları və əməkdaşları, onun maliyyə
əməliyyatları ilə bağlı məlumatları sızdıraraq, bu əməliyyatların
necə həyata keçirildiyini açıqlayıb.
Bu şəxslər, R.Vardanyanın kompleks maliyyə sxemləri və pul yuma
əməliyyatları ilə bağlı detallı məlumatlar təqdim edib.
R.Vardanyanın maliyyə fırıldaqları ilə bağlı ortaya çıxan yeni
faktlar, onun beynəlxalq maliyyə təşkilatları ilə də əlaqəli
olduğunu göstərir. Bu təşkilatlar vasitəsilə o, müxtəlif ölkələrə
pul köçürmələri həyata keçirib və maliyyə əməliyyatlarını
gizlədib.
R.Vardanyanın maliyyə əməliyyatlarında istifadə etdiyi
beynəlxalq banklar arasında İsveçrə, Lüksemburq və Singapur
bankları da yer alır. Bu banklar vasitəsilə böyük məbləğlərdə pul
köçürmələri həyata keçirilib və əməliyyatlar gizlədilib. Ruben
Vardanyanın maliyyə fırıldaqlarının böyük hissəsi onun siyasi
əlaqələri və himayədarları vasitəsilə dəstəklənib. O, müxtəlif
siyasi liderlər və dövlət məmurları ilə yaxın əlaqələr saxlayaraq,
qanunsuz əməliyyatlarını həyata keçirmək üçün onların dəstəyini
əldə edib.





























