
Bakı. Trend:
Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) 43 Avropa
ölkəsinin birləşdiyi və vergi sahəsində ixtisaslaşmış mühüm
beynəlxalq təsisatdır. IOTA üzvlərinə vergi inzibatçılığının
praktiki aspektləri ilə bağlı mühüm məsələlər, yeni təcrübələr və
vergi inzibatçılığı sahəsində tendensiyalar barədə məlumat və
təcrübə mübadiləsinin aparılması məqsədilə əməkdaşlıq platformasını
təqdim edir.Dövlət Vergi Xidməti 2002-ci ildən etibarən IOTA-nın
tam hüquqlu üzvüdür, indiyədək 3 dəfə İOTA-nın İcraiyyə Şurasında
təmsil olunub. Azərbaycan MDB ölkələri arasında IOTA-nın İcraiyyə
Şurasına seçilən ilk ölkə olub.
Bunu Trend-ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinin Media və kommunikasiya idarəsinin əməkdaşı Günel
Bəhramqızı deyib.
O bildirib ki, beləliklə, Baş Assambleya çərçivəsində Azərbaycan
nümayəndəsinin IOTA prezidentliyinə seçilməsi əslində uzun sürən
bir prosesdən sonra irəli gəlib.
“Bu isə təkcə DVX-nın deyil, ölkəmizə beynəlxalq arenada artan
nüfuz və etimadın göstəricisidir. İOTA üzvlərinin Azərbaycana
göstərdiyi etimad üzərimizə böyük məsuliyyət, eyni zamanda böyük iş
həcmi qoyur. Təşkilata prezidentlik həm də müəyyən öhdəliklərin
yaranması deməkdir.
Bizim üçün bu platforma ilk növbədə mütərəqqi təcrübələrin
öyrənilməsi, ən yaxşı təcrübələrin ölkəmizin milli vergi sistemində
tətbiqi baxımından əhəmiyyətlidir. Eyni zamanda, Azərbaycan da öz
növbəsində, əldə etdiyi bir sıra nailiyyətləri təşkilat üzvləri ilə
paylaşmağa, informasiya mübadiləsinə çalışır”, – deyə o qeyd
edib.
G.Bəhramqızı bildirib ki, Dövlət Vergi Xidmətinin bir çox
əməkdaşı IOTA tərəfindən təşkil olunan seminar, forum və digər
tədbirlərdə həm iştirakçı, həm də ekspert qismində fəal iştirak
edir, IOTA-nın müxtəlif işçi və test qruplarında fəal şəkildə
təmsil olunurlar.
“Qeyd etmək lazımdır ki, İOTA vergi sahəsində əməkdaşlıq üçün
bir sıra səmərəli alətlərə malikdir. Buna vergi administrasiyaları
barədə məlumatların bir bazada toplanmasına və müqayisəli təhlilinə
imkan verən ISORA layihəsini, vergitutma sahəsində beynəlxalq
təcrübənin ətraflı öyrənilməsi, eləcə də vergi administrasiyası
əməkdaşlarının müasir tələblərə cavab verən bilik və bacarıqlara
yiyələnməsi baxımından VİTARA layihəsini, qarşılıqlı əməkdaşlığın
genişləndirilməsini nəzərdə tutan “Texniki sorğular” alətini misal
göstərmək olar ki, bunların da müstəsna əhəmiyyəti var”, – deyə o
əlavə edib.





























