Advertisement

Əməkdar rəssam İsa Məmmədov vəfat etdi

Bakı. Trend:

Əməkdar rəssam İsa Məmmədov vəfat edib.

Trend xəbər verir
ki, bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.

Bildirilib ki, əməkdar rəssam, Qərbi Azərbaycan İcmasının üzvü
İsa Məmməd oğlu Məmmədov 2024-cü il iyun ayının 22-də 68 yaşında
vəfat edib. İsa Məmmədov 5 mart 1956-cı ildə Qərbi Azərbaycanın
Qafan rayonunda anadan olub. O, 1979-cu ildə Əzim Əzimzadə adına
Bakı Rəssamlıq Məktəbini, 1988-ci ildə M. A. Əliyev adına
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəngkarlıq fakültəsini
bitirib.

Rəssamın Türkiyə Cümhuriyyətində (2009), “Bakı-Berlin”
Qalereyasında (2010, Almaniya), Bakıda (2011) və Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində “Mənim Vətənim”
(2016, 2020, Bakı) adlı fərdi sərgisi kecirilmişdir.

İsa Məmmədov “Göl kənarında” (1993), “Abşeron bağları” (1997),
“Toxucu qadın” (1998), “Bakı bağları” (1999), “Toxucu qız” (2000),
“Çətirli qadın” (2000), “Bakı Venesiyası” (2005), “Aşıq Pəri”
(2005), “İsmayıllı” (2013) və s. adlı əsərlərin müəllifidir.

Rəssam uzun müddət Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında
pedaqoji fəaliyyət göstərmişdir. O, Azərbaycan Rəssamlar
İttifaqının və YUNESKO-nun nəzdindəki Rəssamlar Birliyinin üzvü
idi.
İsa Məmmədov 2021-ci ildə möhtərəm Prezidentimizin sərəncamı ilə
Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq
görülmüşdü.

Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və
Azərbaycanda nümayiş edilmişdir. O, respublika və beynəlxalq, qrup
sərgilərinin fəal iştirakçısı idi.

İsa Məmmədovun işıqlı xatirəsi onu tanıyanların və sənətinin
pərəstişkarlarının qəlbində yaşayacaq. Qərbi Azərbaycan İcması
mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir,
səbr diləyir.