Bakı. Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin
mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə Ağstafa
rayonunda fəaliyyət göstərən “İnci” şadlıq sarayında baş verən
hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı dərhal
araşdırmalara başlanılıb.
Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat
verilib.
Hadisənin baş verdiyi axşam saatlarında Agentliyin əməkdaşları
tərəfindən aidiyyəti qurumlarla birgə həm şadlıq sarayına, həm də
qidaların hazırlandığı yerlərə baxış keçirilərək müvafiq tədbirlər
görülüb.
İlkin araşdırmalar zamanı məlum olub ki, rayonun Aşağı Göycəli
kənd sakini Piriyev Məkan Rafiq oğlunun təşkil etdiyi toy
mərasimində məişət (ev) şəraitində müvafiq temperatur rejiminə
riayət edilmədən hazırlanan müxtəlif qidalar şadlıq sarayında
istehlaka təqdim olunub. Həmin qidalardan nümunələr götürülərək
laborator analizlərə cəlb edilib. Analizlərin nəticələri ilə bağlı
ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, hadisə ilə əlaqədar Ağstafa rayon Mərkəzi
Xəstəxanasına müraciət edən şəxslərin hər birinə tibbi yardım
göstərildikdən sonra evə buraxılıblar.
Araşdırmalar davam etdirilir.





























