
Bakı. Trend:
İyunun 23-də aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert
sertifikatı almaq istəyənlər üçün Dövlət İmtahan Mərkəzinin (DİM)
elektron imtahanlar korpusunda test imtahanı keçirilib.
DİM-dən Trend-ə bildiriblər ki, namizədlər imtahanı
yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda
nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr, həmçinin
sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.
İmtahanda 43 nəfər iştirak edib. 19 namizəd tələb olunan
şərtləri ödəyərək uğur qazanıb. 13 nəfər kənd təsərrüfatı
bitkilərinin və bitkiçilik məhsullarının sığortası, 6 nəfər isə
kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə
yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert
sertifikatı əldə edib.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası iyunun 24,
25 və 27-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin
elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu,
S.S.Axundov küçəsi, 108) fəaliyyət göstərəcək.





























