
Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx,
Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız
sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə
təmizlik, abadlıq və digər hazırlıq işləri tamamlanıb və
ziyarətçilərin istifadəsinə hazır vəziyyətə gətirilib.
Birlikdən Trend-ə
verilən məlumata görə, sakinlərin rahat və təhlükəsiz istirahəti
üçün çimərlik ərazilərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə
məntəqələri, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə
və duş kabinaları, sanitar qovşaqlar, söhbətgahlar, oturacaqlar və
şezlonqlar, zibil konteynerləri yerləşdirilib, futbol və voleybol
meydançaları yenilənib və istifadə üçün hazır vəziyyətə gətirilib.
Əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi məqsədi ilə
hərəkəti məhdud olan şəxslərin suya və çimərlikdəki məntəqələrə
maneəsiz gedə bilməsi üçün xüsusi yollar və panduslar inşa edilib,
çimərlik ərazisinə ən yaxın dayanacaq əlilliyi olan şəxslər üçün
xüsusi nişanlama ilə ayrılıb. Qeyd edək ki, çimərlik
ərazisinə giriş və yaradılan bütün imkanlar tamamilə ödənişsiz
istifadə üçün nəzərdə tutulub.
IDEA nümunəvi ictimai çimərliklər cəmiyyətdə ekoloji və sosial
məsuliyyətin təşviq edilməsinə yönəlib.
IDEA İctimai Birliyi hamıya xoş yay istirahətləri arzulayır, hər
kəsi təbiətin bəxş etdiyi gözəlliklərdən və yaradılan şəraitdən hər
zaman zövq ala bilmək üçün sahillərin təmizliyinə diqqət etməyə,
ətraf mühitin təmizliyinə riayət etməyə çağırır.





























