Advertisement

Bu gün müəllimlərin sertifikasiya imtahanı başa çatır

Bakı. Trend:

İyunun 24-də xarici dil (alman dili, fransız dili, rus dili və
ədəbiyyatı və s.), eləcə də Azərbaycan dili (rus bölməsi), ibtidai
sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikatlaşdırma
prosesinin test mərhələsində iştirak edəcəklər. Daha əvvəl
riyaziyyat və ingilis dili müəllimləri ilk dəfə sertifikasiyaya
cəlb olunublar.

Trend xəbər verir ki, test imtahanı mərhələsində müəllimlərə 120
dəqiqə müddətində tədris fənni üzrə ümumtəhsil proqramları, tədris
metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər
düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri
üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata
keçirilir və imtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin
kompüterində əks olunur.

Test imtahanında azı 30 bal toplamış müəllimlər
sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ
qazanırlar.

Bu il 30 mindən çox təhsilverənin sertifikatlaşdırma prosesinə
cəlb edilməsi nəzərdə tutulub. Sertifikatlaşdırmadan keçən
müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam
etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan
müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil edilir.

Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb
olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə
maaşına 35 faiz, 17 min 914 təhsilverənin vəzifə maaşına isə 10
faiz artım tətbiq edilib.