Bakı. Trend:
Daşkəsəndə 39 yaşlı qadın öldürülüb.
Trend xəbər verir ki, bu barədə Daşkəsən Rayon Prokurorluğu
məlumat yayıb.
Bildirilib ki, iyunun 24-də saat 02 radələrində Daşkəsən rayonu,
Əmirvar kənd sakini 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevanın
öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyevin
aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər
yetirərək, arvadı Atlas Ocaqverdiyevanı qəsdən öldürməsinə əsaslı
şübhələr müəyyən edilib.
Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq
istintaq aparılır. Teymur Ocaqverdiyev iş üzrə şübhəli şəxs
qismində tutulub.

























