Advertisement

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

“InvestAZ” dünya maliyyə bazarları ilə bağlı həftəlik analizi
açıqlayıb.

Birjalarda bu həftə

Federal Ehtiyyatlar Sisteminin və Avropa Mərkəzi Bankının faiz
endirimlərinin nə vaxt baş verə biləcəyini müəyyənləşdirməyə
çalışan investorlar bu həftə ABŞ-da ən vacib inflyasiya
göstəricilərindən olan Şəxsi Xərclər İndeksi, Şəxsi Xərclər Qiymət
İndeksi, eləcə də, Avrozonada və Almaniyada dərc olunacaq önəmli
makroiqtisadi məlumatları yaxından izləyəcəklər.

ABŞ-dan inflyasiyası rəqəmləri

FED-in üstünlük verdiyi inflyasiya göstəricisi olan Şəxsi
İstehlak Xərcləri Qiymət İndeksi (PCE) cümə günü açıqlanacaq və
investorlar inflyasiyada başlayan yavaşlamanın davam
edib-etməyəcəyinə dair ipucları arayacaqlar.

Bununla belə, son PCE məlumatları gözləntiləri doğrultmadı. Son
məlumatlar ABŞ-da aprel ayında inflyasiyanın gözlənilmədən sabit
qaldığını göstərdi.

Şəxsi İstehlak Xərcləri Qiymət İndeksində geriləmə olmasa, bu,
faiz dərəcələrinin tezliklə azaldılması ilə bağlı iddiaları
zəiflədə bilər. Qeyd edək ki, FED-dən fərqli olaraq, bazarlar bu il
iki faiz endirimi proqnozlaşdırmaqda davam edir.

İqtisadi təqvimə həmçinin “Conference Board” İstehlakçıların
İnam İndeksi ilə bağlı iyun məlumatları, həmçinin, yeni və mövcud
ev satışları ilə bağlı may ayı göstəriciləri də daxildir.

Cari həftə ərzində Amerikada dərc olunacaq ən önəmli göstərici
isə Ümumdaxili Məhsulun Həcmi və ÜDM Qiymət İndeksinə dair may ayı
nəticələridir.

EUR

Avrozonada Fransa, İtaliya və İspaniya cümə günü iyun ayı üçün
ilkin inflyasiya məlumatlarını açıqlayacaqlar.

Məlumatlar Avrozona üzrə məlumatların tonunu təyin edəcək ki, bu
da Avropa Mərkəzi Bankının bu il faiz dərəcələrini neçə dəfə
azaldacağını ölçməyə çalışan investorlar üçün əsasdır.

ECB iyunun 6-da faiz dərəcələrini azaldıb, lakin, hələ də güclü
daxili inflyasiya və maaşlar daha nə qədər azalmanın olacağı ilə
bağlı sualları gündəmə gətirib.

İnvestorlar ikinci dəfə faiz dərəcəsinin azaldılması ehtimalını
ilin sonuna qədər 64%-ə düşəcəyini proqnozlaşdırırlar. Baxmayaraq
ki, iyun iclasından əvvəl bu ehtimallar təxminən 80%-dən yüksək
qiymətləndirilirdi.

İyunun 30-da Fransa prezidenti Emmanuel Makronun Fransada
seçkilərin ilk turunu elan etməsindən sonra yeni siyasi
qeyri-müəyyənliklə mübarizə aparan investorların əhval-ruhiyyəsi
avronun valyuta birjalarındakı qiymətlərinə yön verə bilər.

Ötən həftəyə 1.07$ səviyyəsində start verən EURUSD məzənnəsi
1.0761 həddini test etsə də, cümə günü Amerikada proqnozların
üzərində açıqlanan sənaye və xidmət sektorlarında Biznes Aktivliyi
İndeksi göstəricilərindən sonra kəskin geriləyən məzənnə, həftəlik
şamını 1.0690 həddində bağladı.

“Ayılar” qiyməti 1.07$ həddinin altında saxlaya bilsələr, eniş
tendensiyası davam edə bilər.

Böyük Britaniya məlumatları

Bazar iştirakçıları, İngiltərə Mərkəzi Bankının pul-kredit
siyasətinə yön verən əsas göstəricilərdən olan ÜDM hesabatını cümə
günü yaxından izləyəcəklər.

ÜDM məlumatlarının rüblük və illik müqayisədə müvafiq olara
-0.2%-dən 0.2%-ə qədər və -0.3%-dən 0.6%-ə qədər artacağı
proqnozlaşdırılır. Nəticələr proqnozlaşdırılan kimi artımla
açıqlanarsa, bu amil fun-sterlinqin bahalaşmasına səbəb ola
bilər.

Son vaxtlara qədər iqtisadçılar İngiltərədə iyun ayında faiz
dərəcəsinin azaldılacağını ehtimal edirdilər. Lakin, davam edən
inflyasiya təzyiqləri bu ehtimalların noyabr ayına qədər təxirə
salınmasına səbəb oldu.

Bu səbəbdən də investorlar İngiltərə Mərkəzi Bankının sədri
Endryu Beylinin çərşənbə axşamı nəzərdə tutulan çıxışında monetar
siyasətin gələcəyinə dair ipucları arayacaqlar.

Ötən həftə ərzində 1.2740 həddinə kimi bahalaşan GBPUSD
məzənnəsi burada müqavimətlə qarşılaşaraq kəskin ucuzlaşdı və
həftəlik şamını 1.2640 səviyyəsində tamamladı.

“Ayılar” qiyməti 1.27$ səviyyəsinin altında saxlaya bilsələr,
eniş tendensiyası davam edə bilər.

OİLUK

Neft qiymətləri cümə günü qlobal neft tələbindəki artımın güclü
ABŞ dolları və bəzi qlobal iqtisadiyyatlardan gələn mənfi
xəbərlərin təsiri ilə zəifləyəcəyinə dair ehtimallar fonunda
təxminən 1% ucuzlaşıb.

Əvvəlki həftə təxminən 4% dəyər qazanan xam neft qiymətləri iyun
ayının üçüncü həftəsində təxminən 3% artdı.

Cümə günü dollar indeksi son yeddi həftənin ən yüksək
səviyyəsinə yüksəldi, çünki Federal Ehtiyatlar Sisteminin faizləri
aşağı salmağa səbirli yanaşması digər mərkəzi bankların yumşaq
monetar siyasətə daha erkən keçid etmələri ilə ziddiyyət təşkil
edir.

Aşağı faiz dərəcələri bu il zəif qlobal tələblə sürüklənən neft
qiymətlərini dəstəkləyə bilər. ABŞ-ın faiz dərəcələrini aşağı
salması dünyanın ən böyük iqtisadiyyatında borclanmanı
ucuzlaşdıracaq və hasilat artdıqca neftə olan iştahı
stimullaşdıracaq.

Bu həftə artan geosiyasi risk ehtimallarının artmasının neft
qiymətlərini dəstəklənməyə davam edəcəyi də ehtimal edilir.

Ötən həftəyə 82.50$ həddindən başlayan “Brent” nefti, həftə
ərzində 82.20$-a kimi ucuzlaşsa da, daha sonra bu həddən dəstək
taparaq 86.20$-a kimi bahalaşdı. Lakin, tələbin azalacağına dair
narahatlıqlar fonunda neft bir qədər ucuzlaşdı və həftəlik şamını
85.20$ səviyyəsində bağladı.

Cari həftə ərzində “Buğalar” qiyməti 85$-ın üzərində saxlaya
bilsələr, artım tendensiyası davam edə bilər.

XAUUSD

Ötən həftəyə 2332$ səviyyəsindən başlayan və 2369$-a kimi
bahalaşan qızıl, Amerikada proqnozların üzərində açıqlanan PMİ
göstəriciləri fonunda 2321$-a kimi ucuzlaşdı. “Ayılar” qiyməti
2300$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası daha da
dərinləşə bilər.