Bakı. Trend:
Dünyada “yaşıl enerji”dən istifadənin aktuallığı artır.
Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala
malik ölkələrdəndir. Ölkəmizdə bu sahənin inkişafı ilə bağlı
konkret hədəflər müəyyənləşdirilib və “yaşıl enerji”yə sürətlə
keçid edilir. COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi,
Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə
yetirməsi siyasi və iqtisadi sabitliyin yüksək səviyyədə olduğundan
xəbər verir.

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2030:
sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də respublikamızda
“yaşıl enerji” istehsalının genişləndirilməsi mühüm yer tutur.
Ölkəmizin ümumi enerji istehsalında hədəfi bərpa olunan enerji
payının 2025-ci ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə
çatdırmaqdır.
Statistik göstəricilərə görə ölkəmizin bərpaolunan enerji
mənbələrinin texniki potensialı quruda 135, Xəzər dənizinin
Azərbaycana aid olan hissəsində isə 157 qiqavatdır. Bərpa olunan
enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən,
külək enerjisi üzrə 3 min MVt, günəş enerjisi üzrə 23 min MVt,
bioenerji potensialı 380 MVt-dır . Dağ çaylarının potensialı 520
MVt həcmində qiymətləndirilir.
Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də, Naxçıvan
bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib. İşğaldan
azad olunmuş ərazilərdə “yaşıl enerji”yə keçid Azərbaycan üçün
mühüm strateji məqsədlərdəndir. İşğaldan azad edilmiş ərazilərdə
“yaşıl enerji” zonasının yaradılması ilə bağlı qarşıya qoyulan
vəzifələrin icrası məqsədilə Yaponiyanın TEPSCO şirkəti ilə
müqavilə imzalanıb. Regionun enerji təminatını həyata keçirmək
məqsədilə ”yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq
konsepsiyası və Baş plan hazırlanıb.
Azad edilmiş torpaqlarımızın “yaşıl enerji” potensialı çox
böyükdür. Belə ki, yer səthinə düşən günəş radiasiyasının miqdarına
görə Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli rayonları Naxçıvan
MR-dan sonra ikinci yerdədir.
Son hesablamalara görə, Qarabağ və Şərqi Zəngəzur ərazilərində
10 qiqavat həcmində günəş və külək enerjisi potensialı mövcuddur.
Belə ki, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd və Füzuli rayonları
texniki potensialı 7200 MVt çox olan günəş enerjisindən istifadə
üçün əlverişli şəraitə malikdir. Bununla yanaşı, ilkin proqnozlara
görə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək
enerjisinin texniki potensialı 2 min MVt həcmində qiymətləndirilir.
Kəlbəcər, Ağdərə, Şuşa rayonlarında isə geotermal enerji
mənbələrindən “yaşıl enerji” kimi istifadə olunması imkanları daha
çox diqqət çəkir. İlkin təhlillərə əsasən, Kəlbəcər rayonunda 3093
m³/gün, Şuşada isə 412 m³/gün termal su ehtiyatlarının mövcud
olması ehtimal edilir. Geotermal enerji mənbələrindən enerji
istehsalında və istehlakında istifadə, adətən, böyük həcmli maliyyə
vəsaiti tələb etmir.
Laçın-Kəlbəcərdə külək elektrik stansiyası tikiləcək. Cəbrayılda
bp tərəfindən gələn il 240 MVt gücündə “Şəfəq” (Sunrise) günəş
elektrik stansiyasının təməli qoyulacaq. Həmçinin, Cəbrayılda
“Nobel Energy”, Füzulidə isə Çin şirkəti ilə günəş elektrik
stansiyalarının tikintisi üçün hazırda ərazilər razılaşdırılır.
“Cəbrayıl” enerji qovşağı sayəsində elektrik enerjisinin Naxçıvana,
oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməsi perspektivi
Azərbaycan Prezidentinin böyük strateji vizyonunun və onun
reallaşması üçün məqsədyönlü fəaliyyətinin təcəssümüdür. 2022-ci
ildə Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji
layihəsi çərçivəsində 330 kV-luq “Cəbrayıl” Enerji Qovşağının da
təməli qoyulub.
Ötən ay Azərbaycanla İranın dövlət sərhədində – Araz çayı
üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları
işə salınıb. Hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan
eyniadlı su-elektrik stansiyaları paritet əsasda hər iki ölkənin
maraqlarına xidmət edəcək. Bu layihə təkcə Azərbaycana illik 358
milyon kilovatt-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr
qaza qənaət imkanı yaradacaq. “Xudafərin” və “Qız Qalası” Şərqi
Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafının mühüm
elementlərindən olacaq.
Stansiyaların qoşulacağı “Cəbrayıl” enerji qovşağı ölkəmizin
Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji
bağlantısına xidmət edəcək.
İşğaldan azad edilən ərazilərimizdə Tərtərçay, Bazarçay,
Həkəriçay kimi əsas çaylar və digər kiçik çaylar böyük hidroenerji
potensialına malikdir. Qarabağ və Şərqi Zəngəzur regionunda həyata
keçirilən “Yaşıl Enerji Zonası”nın yaradılması məqsədilə 2030-cu
ilə qədər ümumi gücü 467 MVt olan 72 kiçik su elektrik stansiyası
olacaq.
Artıq regionda üç ildən az bir müddətdə ümumi gücü 226 MVt olan
28 su elektrik stansiyası yenidən qurulub və ya yeni tikilib. Ümumi
gücü 44 MVt olan 4 su elektrik stansiyasında isə avadanlıqların
quraşdırılması və sazlama işləri icra edilir. Nəticədə, bütün
region üzrə dayanıqlı elektrik təchizatı sxemi yaradılıb və COP29
tədbirinin keçiriləcəyi, “Yaşıl dünya naminə həmrəylik ili” elan
edilmiş 2024-cü ilin birinci yarısında ümumi gücü 270 MVt olan 32
su elektrik stansiyası istismara veriləcək.
Bu stansiyalarda il ərzində 600 milyon kilovatt-saatdan çox
“yaşıl” enerji istehsal ediləcək. Bu da 160 milyon kubmetrdən artıq
təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon qazının (CO2)
həcminin isə 330 min tondan çox azalması deməkdir. Bundan əlavə,
ümumi gücü 37,5 MVt olan 6 kiçik su elektrik stansiyası layihəsinin
icrası ilə bağlı tender prosedurlarının həyata keçirilməsinə
başlanılıb. Bu layihələr üzrə stansiyaların növbəti il istismara
verilməsi gözlənilir. Bu, “yaşıl enerji”yə keçidin
sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının
azaldılması, təbii qaza qənaət edilməsi, ekoloji cəhətdən təmiz
enerji istehsal edilməsinin göstəricilərindəndir.
Azad edilmiş ərazilərimizdə qurulan şəhərlər və kəndlərin
hamısında “yaşıl” enerjidən istifadə nəzərdə tutulur.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında günəş və külək
elektrik stansiyalarının yaradılması ilə bağlı hazırlanmış
konsepsiyaya əsasən, həmin ərazilərdə istehlak edilən elektrik
enerjisinin yalnız bərpaolunan enerji mənbələrindən alınacağı
nəzərdə tutulub. Bu da artıq öz müsbət nəticəsini verməkdədir.
Belə ki, ölkənin enerji sistemi tarixində ilk dəfə Qarabağ və
Şərqi Zəngəzur regionlarının elektrik enerjisi tələbatı 100 faiz
“yaşıl enerji” hesabına təmin edilir və tələbatdan artıq qalan həcm
ölkə enerjisi sisteminə ötürülür. Perspektiv layihələr də nəzərə
alınsa, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində
icra edilmiş və icrası gözlənilən “yaşıl enerji” layihələri
ümumilikdə 1100 MVt təşkil edir ki, bu da regionun mövcud enerji
tələbatından 12-15 dəfə çoxdur. Regionun 2040-cı il üçün ümumi güc
tələbatı 1000 MVt proqnozlaşdırılır ki, bu da icra olunacaq “yaşıl”
enerji layihələrinin həcmi nəzərə alınmaqla 20 il sonra bölgənin
tam olaraq “yaşıl” enerji ilə təmin ediləcəyi deməkdir.
Torpaqlarımız azad olunduqdan sonra ermənilər tərəfindən
dağıdılmış infrastruktur yenidən bərpa edilməyə başlandı. Bu
bölgələrdə “yaşıl iqtisadiyyat” konsepsiyası həyat keçirilməyə
başlandı və bu istiqamətdə konkret addımlar atılmaqdadır. Bütün bu
proseslər “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında
Zəngilan rayonunda Ağalı kəndinin inşası ilə start götürdü.
Bütün yaşayış evləri, sosial obyektlər,
inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının
emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin
edilib. Bu gün Ağalı kəndində küçələrin “ağıllı” işıqlandırılması,
isti və soyuğadavamlı ekoloji evlərin inşası, günəş panellərinin
quraşdırılması kimi müasir şəhərsalma standartları tətbiq
olunub.

Eləcə də, kəndin daimi enerji ilə təmin edilməsi üçün Həkəri
çayı üzərində su-elektrik stansiyası inşa edilib. Bundan başqa,
Ağdam rayonunun Baş Qərvənd kəndi də “ağıllı kənd” layihəsi ilə
tikilir. Kənddə enerji daşıyıcılarına qənaət etmək məqsədilə
alternativ enerjidən istifadə olunacaq. Füzulinin Dövlətyarlı kəndi
də “ağıllı kənd” konsepsiyasında tikilir. Füzulidə günəşli günlərin
sayının çox olduğuna görə kəndin enerjiyə olan tələbatı 50
hektarlıq sahədə qurulacaq günəş panellərinin hesabına təmin
ediləcək. İnvestisiya layihəsinin gücü 50 MVt olacaq.
Bundan başqa, Laçın şəhərinin özündə, Zabux və Sus kəndlərində
yaşıl texnologiyalar istifadə edilir.

Zabuxun 223, Sus kəndində isə 59 fərdi yaşayış evinin hər
birinin üzərində 3kVt gücündə günəş paneli quraşdırılıb. Yenidən
tikilən məktəblərdə, bağçalarda, dövlət idarələrində də yaşıl
enerjidən istifadə edilir. Buna misal olaraq Füzuli rayonunda
yenidən tikilən məktəbin damında 40 kVt gücündə günəş panellərinin
quraşdırılmasını göstərmək olar.
Şuşa şəhərində də Elektrik Şəbəkələrinin İnnovativ
Texnologiyalar Mərkəzində “yaşıl” enerji texnologiyaları tətbiq
edilib. Mərkəzin ərazisində elektromobillərin enerji ilə
doldurulmaları üçün qurğular və günəş enerjisi ilə çalışan panellər
quraşdırılıb.
Xocalıda isə “Smartflower” günəş enerjisi qurğusu quraşdırılıb.
Qurğu 2,5 kVt gücə malikdir və illik 6500 kVt-saat “yaşıl” enerji
istehsal edir. Enerji istehsalı ilə yanaşı, bu qurğu elektrik
avtomobilləri, velosipedlər və skuterlər üçün enerji doldurma
stansiyası kimi də xidmət edəcək. Xankəndinin enerji sistemimizə
qoşulması, ərazilərimizin Şuşa yarımstansiyası vasitəsilə elektrik
enerjisi ilə təmin olunması elektronergetika tariximizin
qürurverici hadisələridir.
İqlim dəyişikliyinə təsir edən amillərdən biri də havaya
buraxılan karbon emissiyalarıdır. Buna görə də azad edilmiş
ərazilərdə elektrikli avtomobillərə keçidin artması üçün müxtəlif
işlər görülür. Belə ki, Şuşa Qarabağda elektrikli avtobusların
işləyəcəyi ilk şəhər olacaq. Bununla yanaşı, ilin sonuna qədər
Qarabağda elektromobillər üçün 20 enerji doldurma məntəqəsinin
açılması nəzərdə tutulur.
Dəmir yollarının çəkilişi zamanı ətraf mühitə zərər vurulmaması
üçün bütün zəruri tədbirlər görülür: Horadiz-Ağbənd xəttinin 85-ci
km-də, Mincivan stansiyasının yaxınlığında meşəlik ərazinin zərər
görməməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə
razılaşdırılmış şəkildə həmin ağacların yeri həssaslıqla
dəyişdirilib. Maksimum çalışılır ki, dəmir yollarının tikintisi
zamanı ətraf mühitə ziyan dəyməsin.
ADY-nin hər bir layihəsində dəmir yolu zolağı boyunca ağacların
əkilməsi diqqətdə saxlanılır. Bərdə–Ağdam layihəsinin artıq bir
hissəsində şam ağacları və digər növ ağaclar əkilib.

Azərbaycan “yaşıl enerji”yə keçidə yönəlmiş innovativ
yanaşmaların tətbiqi üzrə regionda liderdir və iqlim dəyişikliyinin
nəticələrinə qarşı mübarizəyə ciddi töhfə verir.
“Yaşıl enerji” layihələri planetimizin təbii iqlimini qorumaq
üçün ən mühüm layihələrdən biridir. Dünyanın bir parçası olan
ölkəmiz də “yaşıl enerji” layihələri ilə yurdumuzun təbiətini
qorumağa çalışır və hamımızın evi olan yer kürəsinin qorunmasına öz
töhfəsini verir.
Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat
Şurasının kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında
keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur


























