Advertisement

Bələdiyyə sədrinin seçilməsi ilə bağlı yeni qayda müəyyən edilir

Bakı. Trend:

Azərbaycanda yeni seçilən bələdiyyənin ilk iclasının keçirilməsi
və sədrin seçilməsi ilə bağlı yeni qayda müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin
Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə
edilən “Bələdiyyələrin statusu haqqında” qanuna təklif olunan
dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, yeni seçilən bələdiyyənin ilk iclası Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə
seçkilərinin yekunları elan edildikdən sonra 5 iş günü müddətində
keçiriləcək. Bələdiyyənin ilk iclasında bələdiyyənin sədri
seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edəcək. İclasa
sədrlik edən bələdiyyəyə üzv seçilmiş şəxslərin siyahısını elan
edəcək, ilk iclası bələdiyyə sədri və iclas katibi seçilənədək
aparacaq.

Bələdiyyənin sədri açıq və ya gizli səsvermə yolu ilə seçiləcək.
Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini
topladıqda seçilmiş hesab olunacaq. Bələdiyyənin ilk iclasında
bələdiyyə sədri və iclas katibi seçildikdən sonra iclasın gündəliyi
təsdiq ediləcək.