Advertisement

Qrantların “qaranlıq dövriyyəsi” xarici donorlar üçün Azərbaycanın daxilinə sızma cəhdləridir – Tural Əliyev

Zəngilan. Trend:

Maliyyə şəffaflığı və intizamı ən vacib məqamlardan biridir.
Yazdığı layihəsi ilə praktikada əməli uyğun gəlməyən QHT-lərə heç
bir güzəşt oluna bilməz və olunmayacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya
şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Zəngilanda
keçirilən “Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq
Forumu”nda çıxışı zamanı deyib.

“Fürsətdən istifadə edərək, xarici donorlarla işləyən Azərbaycan
QHT-lərini bir daha bu xüsusda əməkdaşlıqlarını yalnız Ədliyyə
Nazirliyinin müvafiq bildirişi əsasında qurmağa çağırırıq.

Bu sahədə xidməti müqavilələr dövrü geridə qalmaqdadır. Qanunsuz
hesablaşmalar isə ciddi hüquqi məsuliyyət yaradır. Sirr deyil ki,
qrantların “qaranlıq dövriyyəsi” bir sıra hallarda məhz xarici
donorlar üçün Azərbaycanın daxilinə sızma cəhdləridir. QHT-ləri bu
məsələlərdə son dərəcədə diqqətli olmağa dəvət edirik.

QHT seqmentinə xaricdən qeyri-qanuni yollarla, “qrant” adı
altında müdaxilə cəhdləri yolverilməzdir, bu cəhdləri edənlər
bundan sonra da Azərbaycan dövlətinin qəti addımları ilə
qarşılaşacaqlar.

Oxşar ad və üsullarla bir çox ölkələrdə, o cümlədən,
regionumuzda sabitliyin necə pozulduğu, “xarici dirijor çubuqları”
ilə hansı təlatümlərin yaşandığı göz önündədir.

Bir sıra xarici dairələr hər fürsətdə qəsdən kosmopolit, yad,
zərərli ideoloji fikirlər yaymaqla, Azərbaycanda güclü olan ənənəvi
milli-mənəvi dəyərləri, ailə dəyərlərini, yüksək vətənpərvərlik
hisslərini, dini və etnik mühitdəki nümunəvi harmoniyanı zədələməyə
çalışırlar.

Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsinə vəsilə
olan, Tarixi Zəfərimizin əsasını təşkil edən ideoloji, mənəvi
dəyərlərə qarşı bu qəsdin, hücumun qarşısının alınmasında
Azərbaycan QHT-ləri ön sıralarda yer alır”, – deyə T.Əliyev
bildirib.