
Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makronun Avropa Parlamentinə
seçkilərdə məğlubiyyətindən sonra növbədənkənar seçkilər təyin
etmək qərarının ardından onu Romanı yandıran imperator Neronla
müqayisə edirlər. Fransızlara görə, Makron Milli Assambleyada 577
yer uğrunda 4 min namizədin mübarizə apardığı siyasi mina sahəsini
yandırıb.
Trend xəbər verir ki, bu barədə İspaniyanın ABC qəzetinin onlayn
versiyası yazır.
“Le Figaro” nəşri “Bizim Neronumuz var” sərlövhəsi ilə yazı dərc
edib, onun ardında “Le Point” əlavə edir: “Makron Neronla müqayisə
ediləcək bir narsisdir”. İllüstrator Alen Qutal isə “Mediapart”da
Macron-Neron yanan Roma-Fransanın seyr edir rəsmini dərc edib və
deyir: “O, kibritlə oynadı və yanğın törətdi. Mənə fleyta və ya
lira verin ki, sonuncu mahnını improvizə edə bilim”.
Neron Qədim Roma imperatorudur və antik dövrün yazıçısı
Svetoniyin iddiasına görə, Romanı öz zövqünə uyğun yenidən tikmək
üçün bu şəhəri atəşə verib.
Sabiq Baş nazir Eduard Filipp bəyan edir: “Prezident ətrafındakı
çoxluğu məhv etdi”, keçmiş daxili işlər naziri Jan-Lui Debre isə
hesab edir ki, Makron sol və sağçı populizmin yüksəlişinə töhfə
verib”.
Milli Assambleyanın buraxılmasının təşəbbüskarı olan Emmanuel
Makron “minor” əhvali-ruhiyyədə olduğunu yazan nəşr əlavə edir ki,
bütün proqnozlara görə, onun yaratdığı partiya böyük uğursuzluq
ərəfəsindədir; bir vaxtlar sadiq köməkçiləri və yoldaşları olmuş
insanlar indi ondan uzaqlaşmağa çalışırlar.
Parisin “Le Figaro” qəzetinin qeyd etdiyi kimi, “Prezidentin
ətrafındakı siyasi mənzərənin üzərini çatlar bürüyüb və onun
populyarlığının azalması səbəbindən müttəfiqlər indi planlarını
dəyişmək məcburiyyətindədir”. Onun nüfuzu indi ən aşağı
səviyyədədir – fransızların dörddə üçü Makrona etibar etməkdən
imtina edir. Ondan açıq şəkildə narazı qalanlar arasında
“Demokratik hərəkat”dan olan mərkəzçilərin tarixi lideri Fransua
Bayru da öz tərəfdarlarına seçki kampaniyası zamanı Makronun adını
çəkməməyi tapşırıb.





























