Advertisement

150-dən çox yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir (FOTO)

Bakı. Trend:

Sərginin məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş
kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq, satış imkanlarını
genişləndirmək və şirkətlər arasında əməkdaşlığı inkişaf
etdirməkdir.

İyunun 24-də Bakı Ekspo Mərkəzində Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı
ilə “5-ci Yerli şirkətlərin tanıtım sərgisi”nə start verilib.

Sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti dövlət
qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin
nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş
adamları iştirak ediblər.

Milli Məclisinin deputatı Tahir Mirkişili, iqtisadiyyat
nazirinin müavini Sahib Məmmədov, əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini Anar Əliyev, Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, KOBİA-nın İdarə
Heyətinin sədri Orxan Məmmədov, Sahibkarlığın İnkişafı Fondunun
İdarə Heyətinin sədri Osman Xaliyev, “Kapital Bank” ASC-nin İdarə
Heyətinin üzvü Fərid Hidayətzadə, “İş adamları Cəmiyyətinin Milli
Assosiasiyası” İctimai Birliyinin və “Marsol Group”un İdarə
Heyətinin sədri Tural Mustafayev çıxışlarında müvafiq olaraq
ölkəmizdə sahibkarlığın inkişafı, özəl sektora göstərilən dəstək
tədbirləri, yerli məhsulların ixrac imkanları, sərgilərin məhsul və
xidmətlərin tanıdılmasında və biznes subyektlərinin bazarlara
çıxışında önəmi barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, “Yerli şirkətlərin tanıtım sərgisi” 2019-cu ildən
etibarən keçirilir. Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin
fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar
açmaq, satış imkanlarını genişləndirmək və şirkətlər arasında
qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Builki sərgidə
qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər
sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və
xidmətləri, o cümlədən bir sıra yeni brendlər nümayiş olunur.
İyunun 26-dək davam edəcək sərgi həmçinin iş adamları, sahibkarlar
və təchizatçı şirkətlər arasında yeni əməkdaşlıqların qurulmasına
imkan verəcək.

Sahibkarlığın İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi,
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyası, İş adamları Cəmiyyətinin Milli
Assosiasiyası, “Kapital Bank” ASC və s. dövlət və özəl təşkilatlar
sərginin tərəfdaşları sırasındadır.

KOBİA bu dəfə də sərgidə KOB subyektlərinin ödənişsiz olaraq
iştirakına dəstək məqsədilə ayrıca stendlə təmsil olunur. Stenddə
kənd təsərrüfatı, İKT, təhsil, xidmət, tekstil, suvenir, keramika
istehsalı, sənaye və s. sahələrdə fəaliyyət göstərən 10 KOB
subyektinin məhsul və xidmətlərini təqdim etməsi üçün şərait
yaradılıb.