
Bakı. Trend:
Ordun varsa, yurdun var…
Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası
Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə bu adda tədbir
keçirilib.
İyunun 24-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan
Partiyası Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 26
İyun-Azərbaycan Silahlı Qüvvələri Günü ilə əlaqədar “Ordun varsa,
yurdun var” mövzusunda dəyirmi masa keçirilib.
YAP Xətai rayon təşkilatının qərargahında keçirilən tədbirdə
müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər
Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən
Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar
Rəhimzadə Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi 106 illik şərəfli
yoldan geniş bəhs edərək diqqəti son dörd ilin qürurverici
məqamlarına, müstəqillik tariximizə yazılan Zəfər səhifələrinə
yönəldib. Bildirib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin
xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün
sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində yaradılan möhkəm
təməl bugünkü uğurlarımızı şərtləndirdi. Əbəs yerə deyilmir ki,
ordun varsa, yurdun var. Həmçinin bu reallıq da daim önə çəkilir
ki, torpaq, əgər uğrunda ölən varsa Vətəndir. Azərbaycanın
müstəqilliyi, torpaqlarının azadlığı uğrunda canlarından keçən
Vətən övladlarının hər biri qəhrəmanlıq dastanı yazaraq şəhidlik
zirvəsinə ucaldılar. Onların qəhrəmanlıq yolu indiki və gələcək
nəsillər üçün vətənpərvərlik məktəbidir. Torpaq, Vətən sevgisi
tarixi Zəfərimizi şərtləndirən əsas amillər sırasında oldu.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan əsgəri daim Müzəffər
Ali Baş Komandandan “İrəli!” əmrini gözlədi. Torpaqlarımızı
işğaldan azad, soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışını
təmin etmək əsas hədəflər sırasında idi. 30 il ərzində Azərbaycan
sülh siyasətinə sadiqlik nümayiş etdirərək keçmiş münaqişənin sülh
danışıqları əsasında həllinə səy göstərdi. Tarixi Zəfərimizdən bəhs
edərkən Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi
“Müharibə olmaya da bilərdi” çağırışı özündə bütün məqamları ehtiva
edir. Azərbaycan dövlətinin, xalqının səbir kasası dolmuşdu. 44
günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, ondan üç il
sonra suverenliyimizin tam bərpa edilməsi Azərbaycan Ordusunun
qəhrəmanlığını, gücünü, qüdrətini dünyaya nümayiş etdirdi.
Azərbaycan əsgəri üzərinə düşən şərəfli vəzifəni hər an yerinə
yetirmək iqtidarında olduğunu bir daha sübut etdi. 44 gündə 30 ilin
işğalına son qoymaq, bir günlük antiterror tədbirləri nəticəsində
suverenliyimizi tam bərpa etmək gücümüzün, qüdrətimizin, milli
qürurumuzun təqdimatı oldu.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov
vurğulayıb ki, Azərbaycan Ordusu ilə qürur duyuruq. Tarixi
Zəfərimizə qədər keçirilən Silahlı Qüvvələr Günündə, hərbi
paradlarda bu arzunu ifadə edirdik ki, tezliklə torpaqlarımız
işğaldan azad edilsin, qalibiyyət rəmzi olan üçrəngli Bayrağımız bu
ərazilərimizdə dalğalansın, soydaşlarımız doğma yurd-yuvalarına
qayıtsınlar. Artıq dörd ildir ki, bu arzunun reallığa çevrilməsinin
sevincini yaşayırıq. Şanlı Qələbənin şərəfinə dekabrın 10-da
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı
keçirildi. Dövlətimizin başçısının 2018-ci ildə keçirilən paradda
dediyi kimi, düşmənin ələ keçirilən silah-sursat və texnikası ilə
yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət
bayraqlarımız da Zəfər Paradında nümayiş etdirildi. Tarixi
Zəfərimizdən sonra hədəflər açıqlanarkən Müzəffər Ali Baş Komandan
İlham Əliyev ordu quruculuğu istiqamətində addımların davam
etdiriləcəyini bildirdi. 44 günlük Vətən müharibəsi zamanı
qazanılmış təcrübə yeni birləşmələrin yaradılması zərurətini ortaya
qoydu. Buna görə də ölkə Prezidentinin tapşırığı ilə ordumuzda yeni
təyinatlı Komando hərbi hissəsi yaradıldı. Azərbaycan Ordusu bundan
sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaq.
Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev bildirib ki, XXI əsr
müharibəsi adlandırılan İkinci Qarabağ müharibəsində nə qədər
müasir silahlardan, yüksək texnologiyalardan istifadə olunsa da bu
gün qürurla qeyd etdiyimiz Qələbəni Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan oğulları qazandı. Ən ağır
döyüşlərin getdiyi anda belə əsgərlərin, şəxsi heyətin
əhval-ruhiyyəsi, döyüş əzmi zəifləmədi, əksinə hər çətin ərazi
relyefinə malik rayonlarımızın düşmən işğalından azad olunduğu
günlərdə onların sevincini, keçirdikləri hissləri sözlə ifadə etmək
çox çətindir. 27 sentyabr Azərbaycanın hərb tarixinin şanlı
səhifəsinə qızıl hərflərlə yazılan gündür. Məhz həmin gün xalqımız,
Silahlı Qüvvələrimiz həmrəylik göstərərək möhtərəm Prezidentimiz,
Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx
birləşərək düşmənin növbəti təxribatının qarşısını almaq üçün 44
günlük Vətən müharibəsinə başladı. Qarabağın tacı Şuşanın işğaldan
azad edildiyi 8 noyabr tarixi isə Zəfər Günü kimi təsis edildi. Bu
gün hər birimiz qürurluyuq. 30 il düşmən tapdağı altında qaldıqdan
sonra azad olunan torpaqlarımızda bu gün Azərbaycanın şanlı Bayrağı
dalğalanır. Bu torpaqlar bizimdir və biz burada əbədi olacağıq.
Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız doğma
yurd-yuvalarına qayıdırlar. Bundan böyük xoşbəxtlik ola
bilərmi?
Vətən müharibəsi qaziləri Məhəmməd Haqverdiyev və Vüsal Həsənov
çıxışlarında qeyd ediblər ki, tarixi Zəfərimiz Azərbaycan
dövlətinin ordu quruculuğu istiqamətində atdığı addımların,
xalqımızın birliyinin, həmrəyliyinin, torpaq, Vətən sevgimizin
təqdimatı oldu. Bu gün başımız uca, alnımız açıqdır. İşğaldan azad
edilmiş torpaqlarda dalğalanan Bayrağımız milli kimliyimiz,
qürurumuzdur. Çox xoşbəxtik ki, Azərbaycanımızın Zəfərində bizim də
payımız var.
2 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi, Vətən müharibəsi
iştirakçısı Ceyhun Əliyev Qələbə münasibətilə orden və medallarının
təsis edilməsindən bəhs edib. Bildirib ki, bu mühüm addım qələbənin
əbədiləşdirməsi və iştirakçılara ayrılan ali diqqətin
təcəssümüdür.
YAP fəalı Afət Novruzova tarixi Zəfərimizin, ərazi
bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin
sevincindən, Qələbənin doğurduğu qürur hissindən danışaraq bunun
üçün dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və
rəşadətli Ordumuza minnətdarlığını ifadə edib.
Sonda YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi
təqdim olunub.





























