Advertisement

Beynəlxalq Qurama Festivalı Şuşa səfəri ilə başa çatdı

Bakı. Trend:

20-22 iyun tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin təşkilatçılığı və Türk Mədəniyyəti və İrsi
Fondunun tərəfdaşlığı ilə baş tutan Azərbaycanda ilk Beynəlxalq
Qurama Festivalı Şuşa səfəri ilə yekunlaşıb.

Trend xəbər verir ki, üç gün davam edən Beynəlxalq Qurama
Festivalının açılışı 20 iyun tarixində Şirvanşahlar Sarayında baş
tutub. Festivalın ikinci günü — 21 iyun tarixində “Qurama
Dayanıqlı sənət kimi: Eko-dost üsulların ənənələrlə sintezi” adlı
beynəlxalq seminar təşkil olunub. Seminarda türk dövlətlərini
təmsil edən quramaçı sənətkarlar, tədqiqatçılar və qurama sənətinin
həvəskarları bir arayə gələrək, qurama sənətinin müxtəlif
aspektləri, bu sahədə olan yeniliklər və təcrübələrini bölüşüb,
gələcəkdə qurama sənətin inkişafı yollarına dair fikir mübadiləsi
aparıblar. Seminar zamanı quramanın qədim mədəni irsi təmsil etməsi
ilə yanaşı, onun eko-dost sənət növü kimi də əhəmiyyəti xüsusi
vurğulanıb.

Festival çərçivəsində həmçinin, qurama sənəti üzrə İçərişəhərin
müxtəlif məkanlarında ustad dərsləri, “İçərişəhər” Muzey Mərkəzinin
fond kolleksiyasından olan qurama nümunələrinin və Qoşa Qala
meydanında yerli və xarici quramaçı sənətkarların əl işlərinin
nümayişi təşkil olunub. Qazaxıstan, Qırğızıstan və Türkiyədən gələn
quramaçı sənətkarlar “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda
yerləşən Qurama Mərkəzi ilə tanış olublar. Qoruq ərazisindəki
Arxeoloji-Etnoqrafik Muzey Kompleksində nümayiş olunan yerli
əhalinin əsrlər boyunca yaşadığı ənənəvi həyat tərzi qonaqların
marağına səbəb olub.

Bildirək ki, 22 iyun tarixində Beynəlxalq Qurama Festivalının
yerli və xarici iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı olan
Şuşa şəhərini ziyarət ediblər. Səfər zamanı quramaçı sənətkarların
əl işlərinin və zəfər yolunu tərənnüm edən, üzərində xarı bülbül
təsviri olan 44 metrlik quramanın nümayişi, eləcə də Tut bağında
ziyarətçilərə üçün təşkil olunan ustad dərsi şəhər sakinləri
tərəfindən maraqla qarşılanıb.