Bakı. Trend:
Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman
Nazirliyinin birgə dəstəyi ilə növbəti dəfə “Baku Open – 2024”
Beynəlxalq Şahmat Festivalı keçiriləcək.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, FIDE-nin 100 illiyinə həsr edilən
turnirdə Azərbaycanla yanaşı, Bolqarıstan, Gürcüstan, Hindistan,
İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna,
ABŞ, Özbəkistan şahmatçıları və FIDE bayrağıyla qatılan
iştirakçılar çıxış edəcək.
Azərbaycan şahmatçılarından Rauf Məmmədov, Qədir Hüseynov, Aydın
Süleymanlı, Məhəmməd Muradlı, o cümlədən Günay Məmmədzadə, Gövhər
Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar
Məmmədova və digərləri “Baku Open – 2024” Beynəlxalq Şahmat
Festivalında mübarizə aparacaq.
Qeyd edək ki, yarışın A və B qruplarında iştirak üçün ümumilikdə
300-dən çox şahmatçı qeydiyyatdan keçib. İsveçrə sistemi üzrə
keçirilən turnir 9 turdan ibarət olacaq.
Bakı İdman Sarayının ev sahibliyi edəcəyi festivalın ümumi
mükafat fondu 50 000 ABŞ dollarına bərabərdi. Festivalın açılış
mərasimi iyunun 29-u saat 14-30-da başlayacaq.





























