Advertisement

İctimai “Wi-Fi”dan istifadə zamanı baş verə biləcək kiberhücumlar hansılardır?

Bakı. Trend:

İctimai internet şəbəkəsi əlaqədə qalmağın rahat yolu olsa da,
bu özündə təhlükəsizlik risklərini də daşıyır.


Trend
xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti
məlumat yayıb.

Bunun səbəbi isə bir çox ictimai “Wi-Fi” şəbəkələrinin
(restoran, kafe, park, aeroport) bağlantıya açıq olması və şifr
tələb etməməsidir. Bu da öz növbəsində təhlükəsizlik boşluğu
yaradaraq kiberdələduzların cihazınıza daxil olmasını
asanlaşdırır.

İctimai “Wi-Fi”dan istifadə zamanı baş verə biləcək
kiberhücumlar bunlardır.

“Ortadakı adam (MITM)” hücumu

Kiberdələduzlar rəsmi görünən saxta “Wi-Fi” şəbəkəsi qurur və
qoşulma baş verdikdə cihazınızla internet arasında axan məlumatlar
ələ keçirilir, həmçinin giriş məlumatlarınız (istifadəçi adı və
şifr), bank kartı və digər həssas məlumatlarınız oğurlanma riski
ilə üzləşir.

“Sessiya oğurluğu (SIDEJACKING)” hücumu

Sessiya oğurluğu hücumunda kiberdələduz sizin ictimai “Wi-Fi”
şəbəkəsi ilə qoşulduğunuz veb-saytdan kuki fayllarınızı oğurlayır
və sizin giriş məlumatlarınıza ehtiyac duymadan sizi veb-saytda
təqlid edir.

Zərərli Hotspot (EVIL TWIN)

Kiberdələduzlar bəzən istifadəçiləri “Wi-Fi” şəbəkəsinə
qoşulmağa sövq etmək üçün “Free PublicWi-Fi”, “FreeWi-Fi” kimi
adlarla açıq şəbəkələr yaradırlar. Qoşulduqdan sonra kiberdələduz
tərəfindən cihazınıza zərərli proqramların yüklənməsi və digər
proseslər baş verə bilər.

Qeyd edək ki, ictimai “Wi-Fi” şəbəkələrindən istifadə edərkən
diqqətli olmalısınız. Bu səbəbdən maliyyə və digər həssas
əməliyyatları yerinə yetirərkən çəxsi mobil şəbəkənizdən istifadə
etməyinizi tövsiyə edirik.