
Bakı. Trend:
Bu il Azərbaycan xalqı Novruzu dövlət müstəqilliyimizin
bərpasından sonra ilk dəfə olaraq ölkənin bütün ərazisində, o
cümlədən Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Qarabağın və
Şərqi Zəngəzurun bütün guşələrində böyük coşqu ilə qarşılayır”.
Bu sözləri Novruz bayramı münasibətilə mətbuata açıqlamasında
Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, Sovet dönəmində qeyd olunmasına ciddi
qadağalar qoyulmuş Novruzun uzun illərdən sonra 1969-cu ildən
respublikamızda yenidən təntənə ilə qeyd olunmasına başlanması,
həmin il ilk dəfə respublikanın rəhbərliyinə gəlmiş Ümummilli Lider
Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə,
mədəniyyətinə, milli adət və ənənələrinə tükənməz sevgisinin daha
bir əyani nümayişi idi. “Ulu Öndər torpaqlarımızın işğaldan azad
ediləcəyinə və xalqımızın bütün bayramlarını, o cümlədən Novruz
bayramını həmin torpaqlarda da qeyd edəcəyinə hər zaman bütün qəlbi
ilə, bütün varlığı ilə inanırdı. Ümummilli Lider 1998-ci ildə
etdiyi çıxışlarından birində demişdi: “Gün o gün olacaq ki, Novruz
bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə,
Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.
Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla
yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına
rəhbərlik edirəm.” Bu tarixi çıxışdan 22 il sonra Ölkə Prezidenti
cənab İlham Əliyev Ulu Öndərin bu vəsiyyətini də yerinə yetirdi.
Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa
vuraraq mənfur erməni qəsbkarlarını torpaqlarımızdan qovdu,
torpaqlarımızın 30 illik işğalına son qoydu. Daha iki ildən sonra
isə, ölkəmiz özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa
etdi.”
Fikirlərini davam etdirən K.Qafarov daha sonra Novruzun fəlsəfi
əsaslarından bəhs edərək bildirib ki, bu bayram həyatın və
yeniliyin ən mükəmməl rəmzidir: “Novruz sözünün mənası yeni gün
deməkdir. Həqiqətən də Novruz öz gəlişi ilə həyatımıza hər dəfə bir
yenilik gətirir. Hələ lap qədim dövrlərdən insanlar canlı aləmin
yaşamına böyük çətinliklər yaradan qarlı-şaxtalı qış fəslinin başa
çatmasını, yazın gəlişini müxtəlif adlar, mərasim və rituallarla
qarşılayıblar. Bəşər sivilizasiyasının ilk etnoslarından olan
türkdilli xalqların, o cümlədən
Azərbaycanlıların Novruz adı ilə qeyd etdiyi bu bayramın tarixi
də qədim dövrlərə – Azərbaycanda İslamın meydana gəlməsindən xeyli
əvvəllərə təsadüf edir. Ölkə Prezidenti İlham Əliyev Novruz bayramı
münasibətilə Azərbaycan xalqına ünvanladığı təbriklərdən birində
demişdir: “Azərbaycan torpağında çox qədim kökləri olan, uzaq
keçmişlərdən xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz
edən və zamanın sınaqlarından günümüzədək uğurla çıxan Novruz
bayramı ənənəvi dəyərlər sistemimizin təşəkkülündə müstəsna
əhəmiyyətə malikdir. Əcdadlarımızın müqəddəs yadigarı kimi bu
bayram təbiətin ilahi nizamına ehtiramın aydın ifadəsidir.” Bu gün
Novruz artıq siyasətdə də bayramlaşma təcrübəsinə səbəb olmuşdur.
Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarının
rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi
siyasi mədəniyyətin təşəkkül tapdığını nümayiş etdirir”.





























