
Bakı. Trend:
Türkmənistanda işgüzar səfərdə olan “Azərbaycan Dəmir Yolları”
QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Aşqabad şəhərində Türkmənistan
Dəmir Yolları Agentliyinin sədri Azat Atamuradov və Türkmənistan
Dəniz Yolları Agentliyinin yüksək nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Trend “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən
məlumat verir.
Görüşdə iki ölkə arasında dəmir yolu sahəsində əlaqələrin
gücləndirilməsi və yük dövriyyəsinin, eyni zamanda, Orta Asiya –
Avropa – Orta Asiya və Çin – Avropa – Çin istiqamətlərində
multimodal yük daşımalarının həcminin artırılması, əməkdaşlıq üçün
böyük potensialın olduğu və bu imkanların Avropa bazarında
tanıdılmasının vacibliyi geniş müzakirə olunub.
Bundan başqa, ADY sədri səfər çərçivəsində “Türkmənneft”,
“Türkmənqaz”, “Türkmənkimya” Dövlət konsernləri və Türkmənistan
Dövlət Xammal və Məhsul Birjasının rəhbərləri ilə görüşlər keçirib,
onlara Orta Dəhlizin imkanlarının genişləndirilməsi üzrə ADY
tərəfindən görülən işlər barədə ətraflı məlumat verib.



























