
Bakı. Trend:
Hazırda məşqlərimiz yüksək şəkildə davam edir.
Trend xəbər verir ki, bunu
İdman.biz
TV-yə qadın güləşçilərdən ibarət Azərbaycan millisinin böyük
məşqçisi Toğrul Əsgərov deyib.
Olimpiya çempionu Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat
Turnirinə hazırlığı şərh edib. O bildirib ki, düşərgədə
əhval-ruhiyyəsi çox yaxşıdır: “Fiziki təlim-məşq toplanışını
Göygöldə başa vurduq. Daha sonra 3-4 gün istirahət elədik. Artıq
yarış üçün sonuncu xalça məşqlərimizdir. Burda Rusiya və Rumıniya
yığması ilə birlikdə hazırlıq keçəcəyik. Təbii ki, bunun özü
idmançılarımız üçün çox yaxşıdır. Təcrübənin artırılması baxımından
mühüm əhəmiyyət kəsb edir. Əsas hədəfimiz ev sahibliyi edəcəyimiz
Avropa Olimpiya Təsnifat Turnirində maksimum sayda lisenziya
qazanıb, Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlaşmaqdır”.
Əsgərov lisenziya yarışında şans verəcəkləri hər bir güləşçiyə
böyük ümid bağladıqlarını deyib: “Bizim əsas favoritimiz Mariya
Stadnikdir. Onun timsalında bütün idmançılarımıza inanırıq və ümid
bəsləyirik ki, onlar da Paris-2024 Yay Olimpiya Oyunlarına
lisenziya əldə edəcəklər. Mariya fiziki olaraq tam formasındadır.
İndi isə məşqlərdə iştirak edir. Bütün güləşçilərimizə bol şans
diləyirəm. Olimpiya yolunda isə bütün Azərbaycan idmançılarına isə
uğurlar arzulayıram”.
Qeyd edək ki, Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat
Turniri aprelin 5-7-də baş tutacaq. Yarış Milli Gimnastika
Arenasında təşkil ediləcək.





























