Advertisement

ABB-də səhm sahibi olmaq vətəndaşlarımız üçün çox böyük qazanc fürsətidir – Abbas İbrahimov

Bakı. Trend:

Müsahibimiz ABB-nin İdarə Heyətinin sədri Abbas
İbrahimovdur:

– Abbas müəllim, bu günlərdə ABB-nin səhmlərinə abunə
yazılışı başlandı. Bankın yeni səhmlərinin buraxılması və kütləvi
şəkildə vətəndaşlara təklif edilməsi hansı zərurətdən irəli
gəlir?

– Kütləvi təklif üsulu ilə ABB-nin yeni səhmlərinin emissiyası
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü
il 31 avqust tarixli müvafiq Sərəncamının icrası çərçivəsində
həyata keçirilir. Bildiyiniz kimi, sözügedən Sərəncamda dövlət
müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı
tədbirlər nəzərdə tutulur. Bu dövlət qurumlarından biri də ABB-dir.
Əsas məqsəd vətəndaşlarımızın ABB-nin idarə edilməsində iştirakının
genişləndirilməsi, ən mühümü isə ölkəmizdə qiymətli kağızlar
bazarının inkişafıdır. Ölkəmizdə ilk dəfədir ki, bu miqyasda və
formatda səhmlərin kütləvi təklifi həyata keçirilir. Bu tarixi
addımı atmaqdan qürur duyuruq.

– Özəl investisiyaların cəlbi ABB-yə nə
verəcək?

– Biz Bankımızın fəaliyyəti haqqında mütəmadi hesabatlarımızı,
məlumatlarımızı şəffaf qaydada tez-tez bütün maraqlı tərəflərlə
bölüşürük. Bu hesabat və məlumatlarımızdan da görünür ki, ötən bir
neçə il ərzində ABB necə böyük inkişaf yolu keçib. Bankımızın
kapital mövqeyi güclənib, səmərəli fəaliyyəti təmin olunub. Bu gün
ABB müasir korporativ standartlara uyğun idarə edilir. Çox geniş
miqyasda rəqəmsallaşdırma layihələri həyata keçirmişik. Kredit,
risk, kadr siyasətinin təkmilləşdirilməsi, xidmət şəbəkəsinin
inkişafı istiqamətində də ciddi nailiyyətlərimiz var.

Bankçılıq xidmətlərini tam rəqəmsallaşdırmışıq. Müştərilərimizin
maliyyə ekosisteminə aid digər ehtiyaclarını da qarşılamaq üçün
yeni uğurlu rəqəmsal investisiya və sığorta biznesi qurmuşuq.

İnkişaf strategiyamıza uyğun olaraq həm mövcud bizneslərimiz
üzrə böyümək, həm də yeni bizneslərə daxil olmaq hədəflərimiz var.
İlin sonunadək ABB yeni müştəri seqmentinə, kiçik bizneslərə öz
yeni rəqəmsal həlli ilə xidmət göstərməyə başlayacaq. Bankımıza
özəl investisiyaların cəlbi bu inkişaf proseslərini daha da
sürətləndirəcək və miqyasını genişləndirəcək. Əlavə kapitalın cəlbi
ABB-nin daha da böyüməsinə şərait yaradacaq. Xüsusilə real sektorun
maliyyələşdirilməsində yeni imkanlar açacaq.

– ABB-nin uğurlu fəaliyyətini bir neçə rəqəmlə necə
ifadə edə bilərsiniz?

– ABB ötən ilin nəticələrinə əsasən, ölkənin ən mənfəətli bankı
olub, Beynəlxalq Mühasibat Uçotu Standartları əsasında hazırlanmış
hesabatlara görə, Bankımız səhmdarlarımıza 380 mln. AZN mənfəət
qazandırıb. Aktiv müştərilərimizin sayı son 3 ildə 2 dəfə artıb.
Bankın kapital adekvatlığı 21 faizdir, bu isə requlyativ tələbi 9
faiz bəndi üstələyir.

Rəqəmsal həllərimiz nəticəsində bu gün Bankda satılan
kreditlərin və kartların 60%-ə yaxını, korporativ müştərilərimizin
əməliyyatlarının isə 95%-ə qədər hissəsi tam rəqəmsal formada,
filiallardan kənar, yəni müştərilərlə təmassız həyata keçirilir. Bu
gün bankımızda xərclərin gəlirlərə nisbəti əmsalı 39%-dir. Bu isə
dünyada ən effektiv çalışan kommersiya banklarının orta
göstəricisindən aşağıdır. Yəni, bütün bunlar onu göstərir ki, son
illər ABB komandasının gördüyü işlər Bankımızı daha sağlam,
səmərəli, effektiv və rəqabətli edib. Bütün uğurlarımızın
mərkəzində ABB komandasının hər bir üzvünün əməyi var.

Digər bir maraqlı nəticəmizi də sizinlə bölüşüm. Bəzən müştəri
sayı artdıqda, həmin müştərilərə xidmət keyfiyyəti tədricən azalır.
ABB-də isə bu, belə deyil. Əksinə, bir neçə ildir Net Promoter
Score, yəni Tövsiyyə Sorğusu göstəricimiz hər il daha da
yaxşılaşır. Bu yaxınlarda, müstəqil marketinq araşdırmaları
şirkətinin apardığı sorğu nəticəsində ABB ən yüksək göstərici ilə –
64.8%-lik nəticə ilə banklar arasında Tövsiyə Çempionu olub.
Müştərilərimiz öz dostlarına, qohumlarına, tanışlarına bankımızı
əminliklə tövsiyə edirlər. Sorğunun nəticələri barədə mətbuata
əlavə açıqlamalarımız olacaq.

– ABB-nin nə qədər səhmi satışa çıxarılır?

– Hazırda dövriyyədə ABB-nin 4,5 mlrd. ədəddən artıq səhmi var.
Bu səhmlərin 96,37%-i dövlətimizə, qalan hissəsi isə özəl
investorlara məxsusdur. ABB səhmlərinin kütləvi təklifi
çərçivəsində dövriyyəyə daha 322 000 000 ədəd səhmin buraxılması və
investorlara satılması nəzərdə tutulur. Bir səhmin nominal qiyməti
27 qəpikdir. Hər bir investor kiçik məbləğlə, yəni 100 ədəd səhmdən
başlayaraq ABB-nin səhmlərini ala bilər. Bu, hər bir Azərbaycan
vətəndaşının ABB-də səhm sahibi olmasına imkan verir.

– Bəs nə qədər yeni investor cəlb etməyi
hədəfləyirsiniz?

– Hədəfimiz on minlərlə yeni investor cəlb etməkdir. Sərəncamın
niyyətindən irəli gələrək, iri özəl investorların deyil, məhz kiçik
pay sahiblərinin cəlbinə çalışırıq. Prosesə “ABB Bizik” şüarlı imic
filmi ilə başlamağımız, abunə yazılışının startını “Mərkəzdən hər
kəsə!” sloqanı ilə elan etməyimiz də məhz bu məqsəddən irəli gəlir.
İstəyimiz Azərbaycan vətəndaşlarına tamamilə yeni, alternativ
investisiya aləti təqdim etməkdir, eyni zamanda kapital bazarının
canlanmasına öz töhfəmizi verməkdir. Təsəvvür edin ki, cəmi 27
manatdan başlayan kiçik bir investisiya ilə hər kəs indiyə qədər
xidmət aldığı, inandığı, dəyər verdiyi Bankda, ölkənin ən böyük
bankında pay sahibi olur. Bankın idarə olunmasında səhmdar kimi
iştirak edir, mənfəətindən qazanır.

– Emissiya prosesi başa çatdıqdan sonra nizamnamə
kapitalının strukturunda səhmdarların pay bölgüsü necə
olacaq?

-Azərbaycan dövləti yenə ABB-nin əsas böyük səhmdarı kimi
qalacaq. Özəl investisiyaların cəlb edilməsi prosesi tamamilə
yekunlaşdıqdan sonra, dövlətin iştirak payı 90%-dək azalacaq. Özəl
investorların payı isə 10%-dək artacaq.

– Səhmləri necə almaq olar?

-ABB-nin səhmlərini, ilk növbədə, ABB mobile tətbiqi ilə sifariş
vermək mümkündür. Qeyd edim ki, ABB bu sahədə də mühüm bir ilkə
imza atdı. Ölkəmizdə ilk dəfə olaraq səhmlərə rəqəmsal platforma
vasitəsilə abunə yazılışına şərait yaratdıq. Faydalı rəqəmsal
təcrübənin vətəndaşlarımız arasında daha çox yayılması üçün əsas
arzu və gözləntimiz səhm sifarişlərinin məhz ABB mobile tətbiqi
vasitəsilə edilməsidir. İnvestorlar üçün ən rahatı və sadəsi budur.
Vaxt itirib heç yerə getmədən cəmi bir neçə toxunuşla ABB mobile
tətbiqi üzərindən Bankın səhmlərinə abunə yazılışı üçün sifariş
yerləşdirmək olar.

Təbii ki, alternativ satış kanallarından istifadə etmək istəyən
vətəndaşlarımız yenə var və biz onları da nəzərə almışıq. ABB-nin
səhmlərinə Bankımızın filiallarında, həmçinin “ABB İnvest” şirkəti
və ölkəmizdəki bütün digər investisiya şirkətləri vasitəsilə də
abunə yazılmaq mümkündür. Kanalları genişləndirmək üçün
tərəfdaşlarla müzakirələrimiz yenə davam edir. Bu barədə
yeniliklərimiz olduqca məlumat veriləcək.

Onu da qeyd edim ki, ABB səhmlərinə investisiya imkanlarını daha
əlçatan etmək məqsədilə Milli Depozit Mərkəzi, Bakı Fond Birjası və
investisiya şirkətləri investorlar üçün bütün komissiyaları ləğv
edib. Fürsətdən istifadə edib, proses zamanı bizə dəstək göstərən
Azərbaycan Mərkəzi Bankına, Azərbaycan İnvestisiya Holdinqinə və
bütün tərəfdaşlarımıza təşəkkür edirik.

– İyunun 11-dən indiyə qədər artıq nə qədər investor
sifariş yerləşdirib?

– Hazırda ABB-nin 1800-ə yaxın özəl səhmdarı var. Təsəvvür edin
ki, qısa müddət ərzində artıq üç dəfə bundan artıq sayda, 6000-dən
çox investor öz sifarişlərini yerləşdirib. Bu, Bankımızın
səhmlərinə olan böyük marağı göstərir. Qeyd etdiyim kimi, hədəfimiz
odur ki, Bankımıza on minlərlə yeni investor cəlb edək.

– ABB-də səhm sahibi olmaq vətəndaşlara maddi olaraq nə
qazandıracaq? Bunu rəqəmlərlə ifadə edə bilərsiniz?

– Son 6 ildə ardıcıl olaraq səhmdarlarımıza yüksək dividend
ödəyirik. 2023-cü ilin maliyyə nəticələri əsasında da ABB-nin
səhmdarlarına 185 000 000 manat məbləğində dividend ödədik. Bu, hər
səhm üzrə 4.1 qəpik deməkdir. Beləliklə, nominal qiymətlə
hesablasaq, səhmlərimiz üzrə dividend gəlirliliyi 15,1%-ə yüksəldi.
Səhm üzrə dividend isə son 3 ildə 2.8 qəpikdən 4.1 qəpiyə, yəni 46%
artıb. Onu da qeyd edim ki, təkcə elə ötən il bir səhmə düşən
mənfəət 8 qəpik olub, yəni səhmin gəlirliliyi 31%-ə yüksəlib.
Bankımız daha çox qazandıqca, mənfəəti artdıqca, səhmdarlarına daha
çox dividend ödəyəcək.

Bu baxımdan, ABB-də səhm sahibi olmaq vətəndaşlarımız üçün çox
böyük qazanc fürsətidir. Səhmdarlarımız bir tərəfdən hər il yüksək
dividend qazanırlar, digər tərəfdən isə onların sahib olduqları
səhmlərin dəyərinin ildən-ilə artma potensialı var.

Əlavə olaraq, 2028-ci ilin 1 fevral tarixinə qədər Bakı Fond
Birjasının listinqində olan səhmdar cəmiyyətlərin, o cümlədən
ABB-nin səhmləri üzrə ödənilən dividendlərə görə fiziki şəxslərdən
vergi tutulmayacaq.

– Son sualımız: tam yerləşdirmədən sonra ABB-nin yeni
səhmdarlarının öz səhmlərini satmaq imkanları da
olacaq?

– Bəli, bu gün də mövcud səhmdarlarımız təkrar bazarda
investisiya şirkətləri vasitəsilə səhmlərini sata və ya yeni
səhmlər ala bilərlər. Qeyd edim ki, hazırda təkrar bazarın da
rəqəmsallaşdırılması istiqamətində Azərbaycan Mərkəzi Bankı, Milli
Depozit Mərkəzi və Bakı Fond Birjası ilə birgə işlər aparılır.
Hədəfimiz odur ki, ilin sonunadək ABB mobile üzərindən həm ABB-nin
səhmlərinin, həm də digər səhmlərin təkrar bazarda alqı-satqısı
platformasını yaradaq, beləliklə səhmlərin likvidliyini tam təmin
edək. Bu bazar ABB-nin son dövrlər fəal şəkildə daxil olduğu yeni
biznes istiqamətidir. Ona görə qiymətli kağızlar bazarının inkişafı
Bankımızın kommersiya fəaliyyətinə də çox müsbət təsir
göstərəcək.