Advertisement

Regionda müharibələrə son qoyulması Türkiyə diplomatiyasının prioritetidir – Hakan Fidan

Bakı. Trend:

Regionda müharibələrə son qoyulması Türkiyə diplomatiyasının
prioritetidir. Bu, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
mövqeyini əks etdirir.

Trend xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri
Hakan Fidan “Habertürk” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki böhran və Ukraynada tökülən
qanlar dünyada parçalanmanı artırır, qlobal qarşıdurma qütblərini
formalaşdırır.

Hakan Fidan qeyd edib ki, Ukrayna ətrafında yaranmış böhranın
nəticələrindən biri Rusiya Federasiyası, Şimali Koreya, Çin və
İranın yaxınlaşması, bu ölkələrin “tərəfdaşlığının strukturlaşması”
olub.

Türkiyəli nazir əmin edib ki, Ankara Ukraynada qan tökülməsini
dayandırmaq üçün diplomatik səylərə hər cür dəstəyi verməyə
hazırdır.

Diplomatiya rəhbəri bildirib ki, bu yaxınlarda Rusiya Prezidenti
Vladimir Putinlə görüşündə Ukraynada sülh mövzusunu müzakirə edib.
“Rusiyada keçirilən bütün görüşlərdə mən artıq 500 mindən çox
insanın həlak olduğu, infrastrukturun dağıdıldığı, milyonlarla
insanın evlərini tərk etdiyi, Rusiya ərazilərinə də zərbə zonasının
yayılmağa başladığı Ukraynaya sülhsevər yanaşmanın vacibliyini qeyd
etdim”, -deyə Türkiyənin xarici işlər naziri bildirib.

Hakan Fidan Ukraynada müharibənin ilkin mərhələsində və bu gün
istifadə edilən silah növləri arasında paralellər aparıb. “Tamamilə
fərqli məhvetmə diapazonu var. Qan tökülməsi davam etdikcə,
tərəflər getdikcə daha da ölümcül silahlardan istifadə edərək döyüş
meydanında vəziyyəti dəyişməyə çalışacaqlar. Təəssüf ki, nüvə
silahından istifadə riski istisna olunmur, Üçüncü Dünya müharibəsi
təhlükəsi də gündəmdən çıxarıla bilməz”, – deyə türkiyəli nazir
bildirib.

Aparıcının Ukrayna ilə bağlı İstanbul prosesinin bərpa olunma
ehtimalı haqqında sualına cavab verən Fidan qeyd edib ki, hər şey
tərəflərin siyasi iradəsindən asılıdır. Vəziyyətə ayrı-ayrı Qərb
ölkələrində “kritik seçki prosesləri” də təsir edir.

“Düşünürəm ki, Avropa və ABŞ-da keçiriləcək seçkilərdən sonra
çox şey aydınlaşacaq. Türkiyəyə gəlincə, biz də öz tərəfimizdən
Ukrayna ilə bağlı bütün mümkün vasitəçilik imkanlarından istifadə
etməyə hazırıq”, – deyə nazir əmin edib.

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri iyulda Qazaxıstanda
keçiriləcək ŞƏT sammiti çərçivəsində Türkiyə və Rusiya liderlərinin
şəxsi görüşünün mümkünlüyünü istisna etməyib.

Ankaranın Avropa Birliyinə (Aİ) daxil olması ilə bağlı dialoq
mövzusunu şərh edən Fidan bildirib ki, bir çox avropalı
siyasətçilər uzun illərdir “Avropaya yad mədəniyyətin” daşıyıcısı
kimi Türkiyədən uzaqlaşmaq zərurətinə dair təhrif olunmuş fikirlər
səsləndirir. “Bu kateqoriyadan olan siyasətçilərin fikrincə,
Ankaranın Aİ-yə üzvlüyünün müzakirəsi millətçilər arasında
narazılıq yarada və Qərbdə sağçıların mövqelərini gücləndirə
bilər”, -deyə türkiyəli nazir vurğulayıb.

O əlavə edib: “Lakin fakt bundan ibarətdir ki, “qeyri-Avropa”
məzmunlu hər şeyi rədd etmək siyasəti təkcə Avropa İttifaqının
özünün dəyərlərinə zidd deyil, həm də artıq bu qitənin özündə milli
və dini azlıqların hüquqlarının çoxsaylı pozulmasına, sağçı
hisslərin artmasına səbəb olub. Bunu Avropanın müxtəlif ölkələrində
keçirilən seçkilərin nəticələri də sübut edir”, –deyə diplomatiya
rəhbəri qeyd edib.

Türkiyəli nazirin sözlərinə görə, Avropa liderlərinin Türkiyəyə
münasibəti və populizmə arxalanması kökündən yanlışdır. O bildirib:
“Təəssüf ki, bugünkü Avropada siyasətçilər geosiyasi prioritetlər
və çağırışların real həlli yollarından daha çox öz karyeraları
haqqında düşünürlər”.

Diplomatiya rəhbəri Qərbdəki sağçı qüvvələri Türkiyənin milli
təhlükəsizliyinə və türk diasporuna təhdid adlandırıb.

Hakan Fidan daha sonra Ankaranın bölgədə terror təhlükəsi ilə
mübarizə vizyonunu bölüşüb.

O qeyd edib ki, Türkiyənin ABŞ, Böyük Britaniya və Fransa kimi
ölkələrlə dialoqunda Suriyada fəaliyyət göstərən terrorçularla
mübarizə kontekstində problemlər var. “Bu üç ölkə PKK
terrorçularının Suriya qanadı YPG ilə təmaslarına açıq şəkildə haqq
qazandıra bilməz”, – deyən Fidan Türkiyənin cənub sərhədlərində
terror təhlükəsinin tamamilə aradan qaldırılması məsələsində
Ankaranın mövqeyinin sarsılmaz olduğunu vurğulayıb.