Bakı. Trend:
Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Avropa
İttifaqına daxil olması ilə bağlı danışıqları tənqid etsə də,
prosesə müdaxilə etməyəcəyini bildirib.
Trend xəbər verir ki, Macarıstan hökumətin başçısı Ukraynanın
Avropa İttifaqına üzvlüyünü siyasi motivli proses adlandırıb.
Bununla yanaşı, o, müharibə şəraitində olan ölkənin ittifaqa
qəbul edilməsinin nəticələri barədə xəbərdarlıq edib.
“Macarıstan Ukraynanın Aİ-yə üzvlük prosesi ilə razılaşmır,
lakin buna mane olmayacaq. Biz danışıqlara başlamasının
tərəfdarıyıq”, – deyə “Tagesschau” nəşri baş nazirin sözlərindən
sitat gətirib.
Ötən həftə Avropa İttifaqı Şurası nazirlər səviyyəsində Ukrayna
və Moldovanın quruma üzvlüyü ilə bağlı danışıqların iyunun 25-də
başlayacağını təsdiqləyib.
Hər hansı ölkənin Avropa İttifaqına namizəd statusu alması və ya
bu istiqamətdə danışıqların başlanması onun ittifaqa qəbul edilməsi
anlamına gəlmir və müvafiq proseslər Brüsselin üzərinə heç bir
öhdəlik qoymur.
Xatırladaq ki, 1999-cu ildə namizəd statusu alan Türkiyənin
üzvlük barədə danışıqları 2005-ci ildən davam edir. Şimali
Makedoniya 2005-ci ildən, Monteneqro 2010-cu ildən, Serbiya isə
2012-ci ildən Aİ üzvlüyünə namizəddir. 2013-cü ildə Avropa
İttifaqına qəbul edilən sonuncu ölkə – Xorvatiya üçün bu proses on
il çəkib.





























