Bakı. Trend:
Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə
keçirdiyi əməliyyat tədbirləri nəticəsində Xəzər dənizindən dövlət
sərhədini pozmaqla Azərbaycan Respublikası ərazisinə külli miqdarda
narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı
qrupun üzvləri saxlanılıb.
DSX-dən Trend-ə bildirilib ki, iyun ayının 25-də saat 00:17-də
Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər
dənizinin Xızı rayonu ərazisində sahildən 500 metr məsafədə Şorabad
qəsəbəsi istiqamətində sürətlə hərəkət edən 2 ədəd naməlum üzmə
vasitəsi müşahidə edilib.
Aşkarlanmış hədəflərin saxlanılması məqsədi ilə dövlət
sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən
təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri
aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə
təxirəsalınmaz tədbirlər görülüb.
Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri, o cümlədən sahil
nəzarəti bölmələri tərəfindən Xəzər dənizinin Azərbaycan
Respublikasına mənsub hissəsinin şimal istiqamətində keçirilmiş
əməliyyat-axtarış tədbirləri və uzun sürən təqiblər nəticəsində
saat 02:48-də sərhədçilərin qanuni tələbinlərinə tabesizlik
göstərərək narkotik vasitələri dənizə atıb ərazidən uzaqlaşmağa
cəhd edən sərhəd pozucularının saxlanılması məqsədi ilə “Dövlət
sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə
uyğun olaraq silah tətbiq edilib.
Nəticədə layner tipli itisürətli üzmə vasitələrindən biri 2
nəfər heyət üzvü ilə birlikdə, ikinci üzmə vasitəsinin isə heyət
üzvlərindən biri saxlanılsa da digəri itkin düşüb.
Gəmi heyəti tərəfindən yaralı sərhəd pozucularına ilkin tibbi
yardım göstərildikdən sonra ixtisaslaşmış tibb müəssisəsinə təxliyə
ediliblər.
Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası
vətəndaşları Gülüstan əyalətinin Bender-Türkmən şəhər sakinləri
1984-cü il təvəllüdlü Behman Qasim, 1983-cü il təvəllüdlü Nuri
Nurməmməd Bəhrəmxalid, 1984-cü il təvəllüdlü Rəhim Ounek Anna
olduqları, dövlət sərhədini narkotik vasitələri qeyri-qanuni yolla
ölkə ərazisinə keçirmək məqsədi ilə pozduqları müəyyən edilib.
Davam edən əməliyyat tədbirləri nəticəsində İran İslam
Respublikasının mütəşəkkil qaçaqmalçı qrupunu qarşılamaq niyyəti
ilə həmin əraziyə dənizin sahilinə gəlmiş Azərbaycan Respublikası
vətəndaşları 1982-ci il təvəllüdlü Əliyev Elxan Nadir oğlu və
1976-cı il təvəllüdlü Memmədova Esmira Gülağa qızı saxlanılıb.
Hazırda Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sərhəd gözətçi
gəmiləri və dalğıclar tərəfindən digər itkin düşmüş sərhəd pozucusu
İran İslam Respublikası vətəndaşı 1985-ci il təvəllüdlü Həmid
Vəkilinin və dənizə atılmış digər maddi sübutların axtarışı həyata
keçirilir.
Fakt üzrə Baş Prokurorluqla birgə əməliyyаt-istintaq və axtarış
tədbirləri dаvаm еtdirilir.





























