Advertisement

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının növbəti iclası keçirilib

Bakı. Trend:

İyunun 25-də Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının
növbəti iclası keçirilib.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə,
iclasda 2022 və 2023-cü illərdə təşkil olunmuş sertifikatlaşdırma
prosesindən 31 948 nəfər ibtidai sinif, Azərbaycan dili və
ədəbiyyat müəlliminin uğurla keçdiyi qeyd edilib.

Eyni zamanda, ötən ildən sertifikatlaşdırmadan uğurla keçmiş 8 410
müəllimin əməkhaqqısına 35 faiz, 23 538 müəllimin əməkhaqqına isə
10 faiz artım tətbiq olunmağa başlanıldığı vurğulanıb.

Bildirilib ki, 8 iyun 2024-cü il tarixində ötən il test imtahanı
mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün
keçirilən təkrar sertifikatlaşdırma imtahanında 7 296 müəllim
iştirak edib. Onlardan 3 386 nəfəri keçid balını toplayaraq
müsahibə mərhələsində iştirak imkanı qazanıb. Təkrar
sertifikatlaşdırmada iştirak edən müəllimlərdən 3 909-u isə müvafiq
keçid balını toplaya bilməyib. Eyni zamanda, şuranın qərarına
əsasən, imtahanda iştirak etməyən 402 müəllim də
sertifikatlaşdırmadan keçməmiş hesab olunub. 4 nəfər imtahan
qaydalarını pozduğu üçün nəticələri ləğv olunub.

Ümumilikdə prosesdə iştirak edən müəllimlərdən Azərbaycan dili
və ədəbiyyat üzrə 95%-i, ibtidai sinif üzrə 86%-i
sertifikatlaşdırma prosesində uğur qazanıb.

Xatırladaq ki, cari ilin əvvəlindən etibarən ötən il
sertifikatlaşdırma imtahanından keçməyən müəllimlərə onların
ehtiyaclarına uyğun Təhsil İnstitutu tərəfindən təlimlər keçirilib,
müxtəlif vebinar və sınaq imtahanları təşkil olunub.

Təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi
üzrə 10-13 iyun tarixlərində apellyasiya müraciətləri qəbul edilib.
Apellyasiyaya daxil olan müraciətlər müvafiq qaydada araşdırılıb və
cavablandırılıb. Təhsilverənlərin təkrar sertifikatlaşdırılması
prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı
səhv aşkarlanmayıb, hər hansı bir texniki problem müəyyən
edilməyib.

Qeyd edək ki, iclasın yekun nəticələri Elm və Təhsil Nazirliyinə
təqdim edilib.

Təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən, prosesdə
iştirak etməyən, eyni zamanda imtahan qaydalarını pozduğu üçün
nəticələri ləğv edilən müəllimlərin müqavilələrinə əmək
qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam veriləcək.