
Bakı. Trend:
Avronest Parlament Assambleyasının 11-ci növbədənkənar
sessiyasının işçi sessiyaları keçirilib.
Trend xəbər verir ki, birinci işçi sessiyada çıxış edən erməni
deputatlar Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşması üçün qarşılıqlı olaraq ərazi bütövlüyünün
tanınmasının vacib olduğunu qeyd ediblər. Eyni zamanda, Alma-Ata
bəyannaməsinin sülh sazişində əsas hüquqi istinad mənbələrindən
biri olduğunu, sərhədlərin delimitasiya və demarkasiyasının sülh
prosesinin əsas elementlərindən birini təşkil etməli olduğunu
bildiriblər.
Azərbaycan nümayəndə heyətinin üzvü Soltan Məmmədov çıxış edərək
bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
və Ermənistan Baş nazirinin ofisinin birgə açıqlamasında iki
ölkənin münasibətləri normallaşdırmaq, suverenlik və ərazi
bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq
niyyətini bir daha təsdiq etdiyini xatırladıb. Qeyd edib ki,
sərhədlərin delimitasiyası sülh müqaviləsi ilə birbaşa bağlı olan
məsələ deyil: “Sərhədlərin delimitasiyası sülh müqaviləsinin deyil,
delimitasiya ilə məşğul olan komissiyaların işidir ki, bu da
müzakirələr və dəqiqləşdirmələr tələb edən prosesdir. Bu baxımdan,
Azərbaycan-Ermənistan sülh müqaviləsini delimitasiya prosesi ilə
əlaqələndirmək prosesi ləngitməkdən başqa bir məqsədə xidmət
etmir”.
S.Məmmədov Ermənistanın beynəlxalq məhkəmə instansiyalarına
rəsmi şəkildə təqdim etdiyi sənədlərdə Alma-Ata bəyannaməsinin
keçmiş sovet inzibati sərhədlərinin yeni yaranmış dövlətlərin
sərhədlərinə çevrilməsi ideyasını qəbul etmədiyini və bununla da
keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan Respublikasının
ərazisi olduğunu mübahisələndirdiyini xatırladıb. Millət vəkili
bildirib ki, Azərbaycan tərəfinin mövqeyi məntiqə və mövcud
beynəlxalq praktikaya əsaslanır. “Azərbaycan tərəfi hesab edir ki,
delimitasiya prosesi müvafiq komissiyalar arasında bütün zəruri
topoqrafik, normativ-hüquqi sənədlərin ekspertlər tərəfindən
təhlili əsasında aparılmalıdır. Ermənistanın bu mövqeyi ərazi
iddiası kimi qələmə verməsi məntiqsizdir”.
S.Məmmədov Avropa İttifaqı və Avronest PA-nın Azərbaycanla
Ermənistan arasında tarixi sülh fürsətini dəstəkləməsinin vacib
olduğunu vurğulayıb. O, sülh prosesinə mane olan məsələləri gündəmə
gətirməyin faydasız olduğunu qeyd edib.





























