Advertisement

XİN Fransa Baş nazirini təxribat xarakterli bəyanatlara son qoymağa ÇAĞIRIB

Bakı. Trend:

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin
Fransanın Baş naziri Qabriel Attalın erməni icması ilə görüşdə
səsləndirdiyi fikirlərlə münasibət bildirib.

XİN-dən Trend-ə verilən
xəbərə görə, Ayxan Hacızadə deyib ki, 20 mart 2024-cü il tarixində
Fransa Respublikasının baş naziri Qabriel Attalın Fransanın Erməni
Təşkilatlarının Əlaqələndirmə Şurasının illik tədbirində zamanı
Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada
müdafiə edən əsassız iddialarını qətiyyətlə pisləyirik.

“Azərbaycanın öz suveren ərazilərində yerləşmiş Ermənistan
silahlı qüvvələrinin qalıqlarına qarşı aparılmış anti-terror
tədbirlərini qınayan və Azərbaycanın guya Ermənistan ərazilərini
işğal etməkdə təqsirləndirən Fransa baş nazirinə xatırladırıq ki,
Azərbaycan tərəfinin həyata keçirdiyi tədbirlər beynəlxalq hüququn
norma və prinsiplərinə, eləcə də Fransanın daimi üzvü olduğu BMT
Təhlükəsizlik Şurasının keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə
bağlı qətnamələri ilə tam uyğundur. 30 ilə yaxın müddətdə davam
etmiş Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına,
habelə hal-hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də
işğal altında saxlamasına qarşı çıxmayan Fransanın heç bir əsas
olmadan Azərbaycanı güc tətbiqində təqsirləndirməsi absurddur. Bir
daha, Fransa tərəfini öz tarixindən dərs çıxarmağa, Azərbaycanın
daxili işlərinə qarışmamağa və bu cür təxribat xarakterli
bəyanatlara son qoymağa çağırırıq”, – deyə XİN mətbuat katibi qeyd
edib.