Advertisement

Ceyhun Bayramov Brüsseldə Hakan Fidanla regional sülh səyləri müzakirə edib (YENİLƏNİB)

Bakı. Trend:

21 mart 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov
Nüvə Enerjisi Sammiti çərçivəsində Türkiyə Respublikasının xarici
işlər naziri Hakan Fidan ilə görüşüb.

XİN-dən Trend-ə verilən
xəbərə görə, görüş zamanı ölkələrimiz arasında qardaşlıq və
strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə
olunub.

Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda davam
edən uğurlu əməkdaşlığın regional inkişafa mühüm töhfələr verdiyi,
bu xüsusda ticarət, enerji, təhlükəsizlik, nəqliyyat, elm-təhsil və
bir çox digər istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinin
əhəmiyyəti vurğulanıb. Bölgədə nəqliyyat dəhlizlərinin birgə
inkişafının əhəmiyyəti qeyd edilib.

Nazir Ceyhun Bayramov həmçinin Azərbaycan-Ermənistan normallaşma
prosesi barədə həmkarına məlumat verib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və
qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

xxx

16:28

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın
Brüssel şəhərində keçirilən Atom Enerjisi Sammiti çərçivəsində
türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Trend xəbər verir ki, bu
barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə
hesabında qeyd edilib.

Nazirlər çoxşaxəli strateji ikitərəfli və çoxtərəfli əməkdaşlıq
sahələrini müzakirə edib, regional sülh səylərinə toxunublar.