
Bakı. Trend:
Artıq dördüncü ildir ki, Azərbaycan xalqı Vətən torpaqlarını
işğaldan azad etmək üçün mərdliklə döyüşmüş, tarixi Qələbəyə imza
atmış, qəhrəman şəhidlərinin, qazilərinin canı-qanı bahasına ərazi
bütövlüyünü və suverenliyini bərpa etmiş qalib və qürurlu xalq
olaraq yaşayır. Artıq dördüncü Novruzdur ki, Azərbaycanın işğaldan
azad edilmiş bütün ərazilərində, o cümlədən Qarabağda və Şərqi
Zəngəzurda bayram tonqalları qalanır. 2021-ci ildə Şuşada, 2022-ci
ildə Suqovuşanda, keçən il Talış kəndində Novruz tonqallarını
alovlandıran cənab Prezident İlham Əliyev bu il Novruzun yolunu
Xankəndi şəhərində alovlandırdığı bayram tonqalı ilə
işıqlandırdı.
Bu sözləri Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, dövlət başçısının xalqa ünvanladığı bayram
təbrikində qeyd olunduğu kimi, bu tonqal erməni separatizmindən bu
torpaqların birdəfəlik təmizlənməsi işində qoyulan son nöqtə oldu:
“Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi zamanı və antiterror
əməliyyatının gedişində böyük qəhrəmanlıq göstərdi. 2020-ci ildə
Şanlı Ordumuzun rəşadəti sayəsində 30 illik işğala son qoyuldu.
Ərazilərimizin çox hissəsi azad edildi. Altı ay bundan əvvəl
keçirilmiş antiterror əməliyyatı nəticəsində isə ölkənin ərazi
bütövlüyü və suverenliyi tam bərpa olundu. Bu gün Azərbaycan
Novruzu özünün istisnasız bütün suveren ərazisində indiyədək
görünməmiş ruh yüksəkliyi və coşqu ilə qeyd edir.”
K.Qafarov qeyd edib ki, Azərbaycan öz torpaqlarını müharibə yolu
ilə işğaldan azad etməklə, əslində, bütün bölgəyə sülh gətirmiş
oldu: “İşğal dövründə Azərbaycan öz ərazilərini məhz sülh yolu ilə
azad etmək üçün çox səylər göstərib, danışıqlarda iştirak edib.
Lakin bütün bu danışıqlar heç bir nəticə verməyib. Dövlət
başçımızın dediyi kimi, həmin dövrdə bir çox paytaxtlardan
siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Təbii
ki, bu səylər heç də bölgəmizdə sülhün qorunmasıma yönəlməmişdi.
Tam əksinə, Azərbaycan torpaqları işğal altında qaldıqca, bütün
Cənubi Qafqaz hər an qızışa biləcək potensial münaqişə ocağı idi.
Çünki Azərbaycan xalqı öz tarixi ərazilərinin əbədi işğalda
qalmasına yol verə bilməzdi və vermədi də. Tarix özü Azərbaycan
Prezidentinin haqlı olduğunu sübut etdi və göstərdi ki, istənilən
münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət digər ölkənin
qanunsuz olaraq işğal altında saxladığı ərazisindən öz xoşu ilə
çıxmaq istəmirsə, bu zaman yeganə yol hərbi yoldur. Azərbaycan da
beynəlxalq hüquqa əsaslanaraq, məhz bu yolla öz ərazi bütövlüyünü,
suverenliyini bərpa etdi və bununla da BMT Təhlükəsizlik Şurasının
dörd qətnaməsinin icrasını təmin etdi. Cənubi Qafqazda sülhün
bərqərar olması üçün əsl möhkəm zəmin də məhz bundan sonra yarandı.
Bu gün Azərbaycan və Ermənistan sülh sazişini imzalamağa heç zaman
olmadıqları qədər yaxındırlar. Sadəcə bunun üçün Ermənistan
hökuməti də öz iradəsini nümayiş etdirməli və xarici siyasətini
kənar qüvvələrin deyil, öz ölkəsinin və xalqının milli maraqlarına
uyğun qurmalıdır. Yalnız bu halda bu ölkə də Azərbaycanın müəllifi
olduğu reallıqların yaratdığı imkanlardan yararlanmaq şansı əldə
edə biləcək”.





























