Advertisement

Ermənistan Cənubi Qafqazı geosiyasi qarşıdurmaların yeni episentrinə çevirməyə çalışır – ŞƏRH

Bakı. Trend:

Son 4 il ərzində regionda cərəyan edən proseslərdən nəticə
çıxarmayan Ermənistan yenə də ənənəvi təhrikçilərinin diqtəsi
altında hərəkət edərək, öz ərazisini bölgədənkənar güclərin
plasdarmına, Cənubi Qafqazı geosiyasi qarşıdurmaların yeni
episentrinə çevirməyə çalışır.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli
deyib.

O qeyd edib ki, baş nazir Nikol Paşinyanın Brüsseldə Avropa
İttifaqı Şurası Prezidenti Şarl Mişellə, eləcə də Fransa rəsmiləri
ilə keçirdiyi görüşlər çərçivəsində səsləndirilən əsassız mülahizə
və iddialar, heç bir halda Azərbaycan-Ermənistan münasibətlərinin
normallaşmasına, iki ölkə arasındakı sülh prosesinin
stimullaşdırılmasına xidmət etmir.

“Bölgədənkənar güclərin iştirakı ilə “Ermənistana təhlükəsizlik
qarantiyasının yaradılması” ilə bağlı müzakirələr isə, bölgənin
uzunmüddətli qarşıdurmalara sürüklənməsi üçün hazırlanan “xaos”,
yaxud “böhran planı”ndan başqa bir şey deyil. Rəsmi Bakının
iştirakı və razılığı olmadan Azərbaycan-Ermənistan münasibətləri,
bütövlükdə isə Cənubi Qafqazla bağlı hansısa baxış bucağının, “yol
xəritəsi”nin müəyyənləşdirilməsinə cəhd göstərilməsi heç bir halda
Azərbaycanın maraqlarına cavab vermir və ölkəmizə qarşı atılan
addım kimi qiymətləndirilməlidir. Sülh prosesi və normallaşma,
kommunikasiyaların açılması və digər bu kimi mühüm məsələlərin
regiondankənar mərkəzlərin iştirakı ilə və həm də birtərəfli
qaydada həllinə nail olmaq mümkün deyil”, – siyasi şərhçi
deyib.

E.Mirzəbəyli vurğulayıb ki,“Ermənistana təhlükəsizlik zəmanəti”
adı altında aparılan müzakirələrin hədəfi Qərbin regiona
genioşmiqyaslı hərbi müdaxiləsi üçün bəhanələrin yaradılmasına
xidmət edir.

“Əslində bu proses Avropa İttifaqı missiyasının Ermənistana
gətirilməsi ilə başlayıb. Sözügedən missiyanın sıralarının davamlı
şəkildə, həm də hərbçilərin, xüsusi xidmət orqanları
təmsilçilərinin, mühəndis-istehkam qurğuları üzrə mütəxəssislərin,
hərbi analitiklərin hesabına genişləndirilməsi də bunu sübuta
yetirir. Məqsəd Rusiyanı Ukraynadan sonra Cənubi Qafqazdan, daha
sonra isə Mərkəzi Asiyadan sıxışdırılıb çıxarmaq, Qərbi və Mərkəzi
Asiyada yeni münaqişə ocaqları yaratmaqla mövcud təhlükəsizlik
mexanizmlərini tamamilə məhv etməkdən ibarətdir. Qərb “süni
böhranlar yaratmaq və daha sonra bu böhranların idarə edilməsi üçün
bölgədə hərbi-siyasi iştiraklarını təmin etmək” kimi ənənəvi
geosiyasi texnologiyasını Cənubi Qafqazda da, həm də bölgə
dövlətləri üçün baş ağrısına çevrilən Ermənistan vasitəilə işə
salmaq istəyir. Bunun sonu isə, təkcə Cənubi Qafqazın deyil,
bütövlükdə Qərbi və Mərkəzi Asiyanın uzunmüddətli müharibələrə
sürüklənməsi ilə nəticələnə bilər”, – o əlavə edib.

Politoloq bildirib ki, yaranmış vəziyyət, hələ Azərbaycan
ərazilərinin işğal altında olduğu zaman kəsiyindən başladılan, 44
günlük müharibədən sonra “Azərbaycan ərazilərində yaşayan etnik
ermənilərin təhlükəsizliyinə beynəlxalq təminat”, “humanitar
böhran” kimi siyasi şoularla davam etdirilən, lokal antiterror
tədbirlərindən sonra isə “Ermənistanın müdafiəyə ehtiyacı var”
iddiaları ilə genişləndirilən hərbi-siyasi planın
gerçəkləşdirilməsi istiqamətində son hazırlıqlara start verildiyini
təsdiqləyir.

“Belə bir vəziyyətdə Rusiyanın, sadəcə xəbərdarlıq xarakterli
bəyanatlarla kifayətlənməyəcəyi, önləyici tədbirlərin həyata
keçirilməsi istiqamətində addımlar atacağı şübhəsizdir. Mövcud
mənzərə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri
edir, əks təqdirdə proseslər Rusiyanın Cənubi Qafqaz və Mərkəzi
Asiya sərhədlərinə sıçraya bilər və əslində hədəf də bundan
ibarətdir”, – deyə Mirzəbəyli qeyd edib.