
Bakı. Trend:
“Crocus City Hall”da atışmada şübhəli bilinən şəxs terror aktı
müqabilində ona 500 min rubl təklif edildiyini bildirib.
Trend xəbər
verir ki, sözügedən şəxsin dindirilmə videosu sosial şəbəkələrdə
yayılıb.
“Crocus City Hall”da təxminən 500 min rubl pul qarşılığında
insanları güllələdim”, – o deyib.
Saxlanılan şəxs bildirib ki, pulun yarısını onun bank kartına
köçürüblər, ikinci yarısını isə daha sonra köçürəcəklərinə söz
veriblər. O qeyd edib ki, meşədə hüquq-mühafizə orqanlarından
qaçarkən kartı itirib.
Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində
yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara
atəş açıblar. Hadisə “Piknik” qrupunun konsertindən öncə baş
verib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr
Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada “Crocus City
Hall”da törədilən terror aktında iştirak edən 11 nəfərin, o
cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.
Terror aktında ölənlərin sayı 115 nəfərə çatıb.
İlkin məlumata görə, “Crocus City Hall”da insanların ölüm
səbəbləri odlu silahdan açılan atəş və yanma məhsulları ilə
zəhərlənmə olub. Terrorçular “Crocus City Hall”da zalı yandırmaq
üçün tezalışan mayedən istifadə ediblər.
Terrorçular əvvəlcə hücum zamanı avtomat silahdan istifadə
ediblər, silah istintaq əməkdaşları tərəfindən aşkarlanıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























