
Bakı. Trend:
Novruz bayramı ilə əlaqədar Azərbaycan Respublikası Hərbi
Prokurorluğunun Mərkəzi Aparatının və ərazi hərbi
prokurorluqlarının rəhbər vəzifəli şəxsləri Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının yüksəkrütbəli zabitləri, hərbi
hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti
orqanlarının rəhbərləri ilə birgə Vətənin müxtəlif bölgələrində, o
cümlədən işğaldan azad edilmiş tarixi torpaqlarımızda yerləşən
hərbi hissə və bölmələrdə hərbi qulluqçularla görüşüblər.
Hərbi Prokurorluqdan Trend-ə bildirilib ki, görüş iştirakçıları
Vətəni və milləti qarşısında misilsiz xidmətləri olan Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi
bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və
unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa
diləyiblər.
Sonra Ulu Öndər Heydər Əliyevin mükəmməl siyasətini dövrün
tələblərinə uyğun davam etdirən Müzəffər Ali Baş Komandan Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün istiqamətlər üzrə
qazandığı uğurlardan, işğaldan azad olunmuş ərazilərimiz də daxil
olmaqla regionlarımızın hərtərəfli inkişafından, Azərbaycanın
əzəmətinin daha da artaraq dünya ölkələri sırasında böyük nüfuz və
söz sahibinə çevrilməsindən, Silahlı Qüvvələrimizin qüdrətindən
bəhs olunaraq, qazanılan uğurlarda Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəngin
fəaliyyətinin də mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Eyni
zamanda, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə və lokal
xarakterli antiterror tədbirləri xüsusi vurğulanmaqla qürur dolu
günlərin unudulmaz təəssüratları xatırlanıb.
Ardınca qonaqlar hüquqi maarifləndirici mövzularda çıxışlar
edib, hərbi qulluqçuların suallarını cavablandırıb, onların qayğı
və problemləri ilə maraqlanıblar. Həmçinin hərbi hissələrə müxtəlif
bayram sovqatları, üzərinə düşən vəzifələri nümunəvi icra etməklə
xidmətdə fərqlənənlərə isə qiymətli hədiyyələr təqdim olunub.
Sonda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar müxtəlif
ağaclar əkilib.





























