
Bakı. Trend:
Ermənistan Gürcüstanla sərhəddə Lori vilayətinin Alaverdu
rayonunda yerləşən Ciliza kəndini Gürcüstana qaytarmağı
planlaşdırır.
Trend xəbər
verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Ermənistan təkcə Azərbaycanla deyil, həm
də Gürcüstanla sərhədlərin demarkasiyasına hazırlaşır.
Qeyd olunub ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün
gürcü həmkarı İrakli Kobaxidze ilə görüşündə yenidən sərhədlərin
demarkasiyası məsələsini qaldırıb.
“Biz bu gün, həmçinin, Ermənistan və Gürcüstan arasında
demarkasiya prosesinin aktivləşdirilməsi imkanını müzakirə etdik”,
– Paşinyan deyib.
Nəşr Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryandan hansı
ərazilərin demarkasiya olunacağını və Ciliza kəndinin buraya daxil
olub-olmadığı ilə maraqlanıb.
“Baş nazir açıqlamasında müzakirənin aparıldığını bildirib.
Ümumilikdə demarkasiyanın aparılmalı olduğu müzakirə olunub”, –
mətbuat katibi deyib.
Qeyd edək ki, Ermənistan və Gürcüstan 1992-ci ildən etibarən
demarkasiya məsələsini müzakirə edirlər. 1996-cı ildə iki ölkə
arasında delimitasiya və demarkasiya komissiyası yaradılıb, lakin
komissiya passiv rejimdə fəaliyyət göstərir.





























