Advertisement

Virusların əksəriyyəti insan mənşəlidir – Yeni tədqiqat

Bakı. Trend:

İndiyədək mövcud olan tədqiqatlar göstərirdi ki, bəşəriyyəti
təqib edən ən ölümcül xəstəliklərdən bəziləri heyvanlardan
insanlara keçən patogenlərdir. Məsələn, QİÇS-ə səbəb olan virus
insana şimpanzelərdən keçib. Bundan başqa, mütəxəssislərin
əksəriyyəti COVID-19 pandemiyasını yaradan virusun yarasalardan
gəldiyinə inanır.

Trend “Reuters” agentliyinə istinadən xəbər verir ki, aparılan
yeni araşdırma heyvanlarla insanlar arasında virus mübadiləsinin
fərqli detallarını sübut edib.

Bütün ictimaiyyətə açıq olan viral genom ardıcıllığının təhlili
təəccüblü bir nəticə verib: insanlar heyvanlara onlardan
yoluxduğundan daha çox – təxminən iki dəfə çox virus verirlər.

Tədqiqatçılar təxminən 12 milyon virus genomuna baxıblar və bir
növdən digərinə sıçrayan təxminən 3000 virus nümunəsini aşkar
ediblər. Onların 79 faizi bir heyvan növündən digərinə keçən
virusla bağlıdır, qalan 21 faizi isə insanlarla əlaqəlidir. Belə
ki, sonunculardan 64 faizi antroponoz kimi tanınan insandan
heyvana, 36 faizi isə zoonoz adlanan heyvandan insana yoluxma
olub.

Antroponozdan təsirlənən heyvanlar arasında ev heyvanları –
pişik və itlər, habelə donuz, atlar və mal-qara kimi
əhliləşdirilmiş heyvanlar, toyuqlar və ördəklər, şimpanze, qorilla
meymunları kimi primatlar və vəhşi heyvanlar olan yenot, qaradərili
növləri olub. Xüsusən, vəhşi heyvanlarda insandan heyvana yoluxma
ehtimalı daha çoxdur.

Bu həftə “Nature Ecology & Evolution” jurnalında dərc olunan
tədqiqatın aparıcı müəllifi, London Universitet Kollecinin
nəzdindəki London Genetika İnstitutunun hesablama biologiyası üzrə
doktorantı Sedrik Tan deyib: “Bu, həqiqətən bizim ətraf mühitə və
heyvanlara böyük təsirimizi vurğulayır”.

XIV əsrdə Avropa, Asiya, Yaxın Şərq və Şimali Afrikada “qara
ölüm” adlanan bakterial xəstəlik – bubon taunu milyonlarla insanın
ölümünə səbəb olub. Onun törədicisi vəhşi gəmiricilər arasında
dolaşan bir bakteriya idi. Ebola virusu kimi müasir təhlükələr də
heyvanlardan yaranıb.

“Çox güman ki, COVID-19 pandemiyasının agenti olan SARS-CoV-2
yarasalarda yaranıb və insanlara sıçrayıb. Eyni zamanda, sözügedən
epidemiyalar insanlar tərəfindən yoluxdurulan əkinçilik sahələrində
olan gəmirici heyvanlarda da qeydə alınıb”, – Sedrik Tan deyib.

Alimlər qeyd edirlər ki, hazırda ən böyük təhlükə vəhşi quşlar
arasında yayılan H5N1 quş qripi virusudur. Çünki, bu quşların
virusa qarşı immuniteti zəifdir.