Advertisement

Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır – Səttar Möhbalıyev

Bakı. Trend:

Aprelin 5-də baş tutacaq Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək
konfransı, təbii ki, regionun gələcəyi üçün yaxşı heç nə vəd etmir,
uzun müddətdir davam edən ikili standartların, qərəzli yanaşmaların
bilavasitə davamıdır. Ümumiyyətlə, bütün proseslərin sülhə doğru
istiqamət aldığı bir məqamda Aİ və ABŞ-nin xoş olmayan belə bir
məramı, sözsüz ki, başa düşülən deyil. Əslində onlar nümayiş
etdirdikləri belə tərzlərlə regionda sülh prosesini
əngələyirlər.

Bu fikirləri Trend-ə açıqlamasında Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

“Əgər istər Avropa İttifaqının, istərsə də ABŞ-nin bu məsələdə
niyyəti təmizdirsə, daha yaxşı olar ki, ilk dəfə Azərbaycanın
ortaya atdığı ədalətli sülh prosesini dəstəkləsinlər, eləcə də
Ermənistanı buna sövq etsinlər. Amma, təəssüflər olsun ki, belə
pozucu, bölücü addımlar yalnız gərginliyə səbəb olur,
münasibətlərin normallaşmasına maneə törədir. Həm də 30 il davam
etmiş münaqişə dövründə əsasən susqunluğu ilə yadda qalan, hər şeyi
Minski qrupunun üzərinə atan dövlətlərin və təşkilatların bu gün
əl-ayağa düşməsi də maraq doğurur. Əgər bu məsələdən bugünkü qədər
narahatlıq keçirirdinizsə, bəs niyə 30 il ərzində əlinizdə hər cür
imkan, eləcə də BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı
qüvvələrinin Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz
çıxarılmasını tələb edən 4 qətnaməsi ola-ola bir iş görmədiniz.
Sizin bu işdə nə qədər “ədalətli” olduğunuz bu rakursdan daha aydın
görünür”, – AHİK sədri bildirib.