Advertisement

Ermənistan KTMT PA “Crocus City Hall”dakı terror aktını pisləyən bəyanatına qoşulmayıb

Bakı. Trend:

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının
Parlament Assambleyasının “Crocus City Hall”dakı terror aktını
pisləyən bəyanatına qoşulmayıb.

Trend xəbər
verir ki, bu barədə Ermənistan parlamenti spikerinin mətbuat katibi
Nelli Qulyan yerli KİV-ə deyib.

Onun sözlərinə görə, bu, Ermənistanın təşkilatda iştirakını
dondurması ilə bağlıdır.

Qeyd olunub ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan
özünün “Telegram” kanalında başsağlığı verib, onun müavini Akop
Arşakyan isə Cenevrədəki çıxışında terror aktını pisləyib.

Qeyd edək ki, “Crocus City Hall”da törədilən terror aktında
ölənlərin sayı 140 nəfərə çatıb.

Son məlumatlara görə, terror aktında 360 nəfər xəsarət alıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin
Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan
naməlum şəxslər insanlara atəş açıblar. Hadisə “Piknik” qrupunun
konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr
Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada “Crocus City
Hall”da törədilən terror aktında iştirak edən 11 nəfərin, o
cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün
tədbirlər yekunlaşıb.

“Crocus City Hall” konsert zalında terror aktı törətməkdə
ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham
olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin
Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına
yerləşdirilib.