
Bakı. Trend:
İlkin məlumatlara görə, “Crocus City Hall”dakı terror aktından
sonra 95 nəfər itkin düşüb.
Trend xəbər
verir ki, bu barədə “Telegram” kanalları məlumat yayıb.
Qeyd olunub ki, siyahı operativ xidmətlərin əməkdaşları
tərəfindən itkin düşən şəxslərin qohumlarının müraciəti əsasında
tərtib olunub.
Siyahıda adları çəkilənlər terror aktından sonra doğmalarının
əlaqə saxlaya bilmədikləri, lakin nə xəsarət alanlar, nə də
ölənlərin siyahısına daxil olmayan şəxslərdir.
İtkin düşən şəxslərin bəzilərinin ola bilsin ki, öldüyü, lakin
meyitlərinin hələ də tanınmadığı qeyd olunub.
Bununla belə, bu insanların bir qisminin sağ olduğu, lakin hər
hansı səbəbdən əlaqəyə çıxmadığı ehtimalı da mövcuddur.
Qeyd edək ki, “Crocus City Hall”da törədilən terror aktında
ölənlərin sayı 140 nəfərə çatıb.
Son məlumatlara görə, terror aktında 360 nəfər xəsarət alıb.
Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin
Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan
naməlum şəxslər insanlara atəş açıblar. Hadisə “Piknik” qrupunun
konsertindən öncə baş verib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr
Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada “Crocus City
Hall”da törədilən terror aktında iştirak edən 11 nəfərin, o
cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.
Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün
tədbirlər yekunlaşıb.
“Crocus City Hall” konsert zalında terror aktı törətməkdə
ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham
olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin
Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına
yerləşdirilib.





























