
Bakı. Trend:
Bu ilin yanvar ayında Cənubi Koreyada doğulan uşaqların sayı
rekord həddə enib, bu isə əhalinin sürətlə qocalması və doğuş
səviyyəsinin çox aşağı olması səbəbindən ölkədə demoqrafik
vəziyyətlə bağlı narahatlığı daha da artırıb.
Trend Cənubi Koreya mediasına istinadla xəbər verir ki, bu
barədə məlumatı Koreya Statistika İdarəsi yayıb. Məlumata görə,
2024-cü ilin yanvar ayında Cənubi Koreyada 21.442 uşaq dünyaya
gəlib ki, bu da əvvəlki ilə nisbətən 7.7 faiz azdır. Bu, Statistika
İdarəsinin 1981-ci ildə müvafiq məlumatları toplamağa başlamasından
bəri yanvar ayında qeydə alınan ən aşağı göstəricidir.
Son illərdə azalma daha da sürətlənib və 2022-ci ilin yanvarında
illik 1 faiz, 2023-cü ilin yanvarında isə 5,7 faiz təşkil edib.
2000-ci ilin yanvar ayında yeni doğulmuş körpələrin sayı 60 mini
keçib, bu rəqəm 2002-ci ildə 50 minə, 2016-cı ildə isə 30 minə
düşüb. 2020-ci ildən bəri yanvar ayının göstəricisi 20.000
həddindədir.
Adətən yanvar ayında ölkədə daha çox yeni doğulmuş körpələrin
qeydə alınmasına baxmayaraq, aylıq olaraq 2023-cü ilin mart ayından
bəri ilk dəfədir ki, yeni doğulmuş körpələrin sayı 20 mini
ötüb.
Koreyada demoqrafik dəyişikliklər baş verməkdədir, çünki
gənclərin bir çoxu dəyişən sosial normalara və həyat tərzinə uyğun
olaraq toylarını təxirə salmağı və ya evlənməkdən və uşaq sahibi
olmaqdan imtina etməyi seçir. Onlar, həmçinin yüksək mənzil
qiymətləri, əmək bazarında sərt rəqabət və ölkədə iqtisadi artımın
yavaşlaması ilə əlaqədar yaranan çətinliklərlə üzləşirlər.
Ötən il ölkədə doğulan uşaqların sayı əvvəlki ilə nisbətən 7,7
faiz azalaraq və 229 970 nəfər səviyyəsinə düşərək rekord
göstəriciyə çatıb.
2072-ci ilə qədər Koreyanın 2022-ci ildəki 44,9 yaşdan 63,4 yaşa
qədər olan sakinlərin orta yaş həddi artdıqca, yüksək yaşlanma
səviyyəsinə malik ölkə olacağı gözlənilir.





























