
Bakı. Trend:
NEQSOL Holding öz əməkdaşlarının təlim kurslarına çıxışını təmin
etmək məqsədilə “Udemy Business” ilə tərəfdaşlığa başlayıb.
Holdinqin rəqəmsal təlim və ünsiyyət platforması olan NEQSOL
Academy onlayn “Udemy Business” platformasında ekspertlərin təklif
etdiyi 25,000-dən çox təlim kursuna korporativ çıxış təmin edəcək.
Biznesdən dizayna, informasiya texnologiyalarından musiqiyə,
sağlamlıqdan fərdi inkişafa qədər kateqoriyalarda “Udemy” karyera
yüksəlişinə, fərdi və peşəkar inkişafa kömək edən unikal inkişaf
imkanları təklif edir.
NEQSOL Academy 6 dildə müxtəlif təlim mövzuları təklif edərək
NEQSOL Holding-in müxtəlif ölkələrdə çalışan 10,000-dən çox
işçisinə bütün rəqəmsal təlim fəaliyyətini vahid mənbədən idarə
etmək imkanı yaradır.
NEQSOL Holding “LinkedIn” ilə əməkdaşlıq edərək öz əməkdaşlarına
16,000-dən çox onlayn kursdan istifadə etmək və PMI, ISACA, ORACLE,
SHRM və Six Sigma kimi peşəkar sertifikatlaşma imkanları əldə etmək
üçün şərait yaradır. 2023-cü ildə NEQSOL Holding qlobal səviyyədə
tanınan texniki təlim və öyrənmə resursları təchizatçısı “O’Reilly”
ilə tərəfdaşlığa başladı. Tərəfdaşlıq çərçivəsində NEQSOL
Holding-in əməkdaşları “O’Reilly”-nin proqram təminatının
hazırlanması, verilənlərin təhlili və liderlik kimi müxtəlif
mövzuları əhatə edən 50,000-dən çox elektron kitab, video və onlayn
kurslardan ibarət geniş kitabxanasına çıxış əldə etmişdir.
NEQSOL Academy-nin təlim portfelinə Harvard Biznes Məktəbi və
Massaçusets Texnologiya İnstitutunun Sloan Məktəbinin yüksək
səviyyəli təlim resursları da daxildir. Bundan əlavə Akademiya
“Crossknowledge”, “RBL Group” və “Skillsoft” ilə də oxşar
tərəfdaşlıqlar qurmuşdur.
NEQSOL Holding beynəlxalq şirkətlər qrupu 11 ölkədə
telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar
sahələrində fəaliyyət göstərir.



























